“Bu günə kimi 5 yoxlama oyunu keçirmişik. Ev oyunlarımızı rayondakı Olimpiya Kompleksinin stadionunda keçirəcəyik. Meydanın ot örtüyü qənaətbəxş olsa da, müəyyən yerlərdə əyriliklər var. Onları da aradan qaldırmağa çalışacağıq. Komanda çempionata hazırlığını davam etdirir. Heyəti gücləndirmək yönündə də addımlar atılır. Belə ki, ötən mövsüm I Divizionda mübarizə aparan “Kəpəz-2” və “Mingəçevir”də çıxış etmiş 4 futbolçu ilə anlaşmışıq. İnanıram ki, II Liqada layiqli mübarizə aparacaq komandamız olacaq”. Bu sözləri Sport24.az-a açıqlamasında “Şəmkir”in prezidenti Vüsal Məmmədov bildirib.
Ötən mövsüm “Qala-Şəmkir” adı altında Region Liqasında çıxış edən komanda yeni mövsümdən məhz “Şəmkir” adlanacaq. Ancaq bu “Şəmkir” ötən əsrin 90-cı illərin sonundakı adından söz etdirən klubun xələfi sayılmır. Bunu da saytımıza açıqlamasında Məmmədov söyləyib: “Əvvəlki “Şəmkir” FK idi, bu yay qeydiyyatdan keçirdiyim klub isə “Şəmkir” PFK-dı”.
Klub prezidenti hələ ki, AFFA-dan ayrılan maliyyə hesabına ayaqüstü dayandıqlarını bildirib. Onu da əlavə edib ki, rayonun imkanlı iş adamları kluba dəstək olacaqlarına söz veriblər: “Bu gün üçün klubun konkret sponsoru yoxdu. Mənim və AFFA-nın ayırdığı vəsait hesabına fəaliyyət göstəririk. Ancaq Şəmkirin bəzi iş adamları dəstək verəcəyini bildirib. Futbolun İnkişaf Fondunun rəhbərliyi rayonun icra başçısı ilə də görüşüb. O da komandanın yanında olacağını, diqqət ayıracağını bildirib. Ümid edirəm, hər şey yaxşı olacaq, “Şəmkir” II Liqanın sabit maliyyə dayağına malik, iddialı klublarından biri kimi tanınacaq”.
RƏŞAD QASIMOV