"Kluba gələndən hər şey çox yaxşı gedir". Sport24.az xəbər verir ki, bu sözləri "Kəpəz"lə yeni müqavilə imzalayan afrikalı futbolçu Mahamadu Ba ölkəsinin mətbuatına açıqlamasında deyib. 

 

Malidən olan 25 yaşlı oyunçu həmin vaxt yaxşı qarşılandığını söyləyib: 

 

"Bir az oyun vaxtı qazandım və effektliyimi bərpa etdim. Ona görə sözləşməni yeniləmək təklifi gələndə bir an belə tərəddüd etmədim. Bu yaşda yaxşı performans göstərmək üçün oynamaq lazımdır. Bu, yeni bir çağırışdır".

 

Mahamadu Ba bir neçə ölkədən təklif aldığını da gizlətməyib. 

 

"Səudiyyə Ərəbistanından, Küveytdən və Moldovanın "Şerif" klubundan mənə müraciət oldu. Amma diqqətlə düşündüm və qərara gəldim ki, "Kəpəz"lə macəranı davam etdirim. Komandaya ötən mövsümdən daha yaxşı çıxış etmək üçün köməklik göstərmək niyyətindəyəm".

 

O, Gəncə təmsilçisindəki hədəflərindən də söz açıb: "Klub mənə güvənir və inanıram ki, bu etimadın əvəzini verəcəyəm. Mövsümü ən yüksək pillələrdən birində başa vurmaq əsas hədəfimizdir. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Bu, asan missiya deyil. Lakin buna çatmaq üçün əlimizdən gələni edəcəyik".