"Difai" ilə oyunda qələbə qazandığımıza və 2 qol vurduğuma görə çox sevinirəm. Matçın bu dərəcə də rahat keçəcəyini gözləmirdik". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi "Şəfa"nın futbolçusu Pərviz Azadov deyib.
25 yaşlı yarımmüdafiəçi komandasının 16-cı turda "Difai"ni məğlub etdiyi oyun bağlı fikirlərini bölüşüb:
"Səfərdə oynasaq da, topa və oyuna nəzarət bizdə oldu. 3 matç idi qələbə qazana bilmirdik. Şükürlər olsun ki, ağır səfərdən maksimum nəticə ilə qayıtdıq. Bilirdik ki, bütün oyunlar bizim üçün çox ağır keçəcək. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Növbəti turda qarşılaşacağımız "Şahdağ Qusar"la görüşdən də maksimum nəticə qazanmaq istəyirik. Biz nəinki "Səbail"ə, bütün klublara qarşı eyni hazırlaşıb, eyni niyyətlə oyunlara çıxırıq. Məqsədimiz ancaq 3 xal qazanmaqdır. Hələ heç nə məlum deyil. Qarşıda uzun marafon var. Hər komanda bizə qarşı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Düşünürəm ki, çempionatın sonu daha gərgin keçəcək".
Qeyd edək ki, Dünən keçirilən görüşdə "Şəfa" "Difai"ni 8:1 hesabı ilə məğlub edib.