"Bu oyunun əhəmiyyətini yaxşı başa düşürdük. Qələbə qazanmağı çox istəsək də, təəssüf ki, alınmadı". Sport24.az xəbər verir ki, bunu "Şəfa" futbol klubunun baş məşqçisi Elgiz Kərəmli Azərbaycan II Liqasının XXIV turunda baş tutan "Şəfa" - "Şahdağ Qusar" matçından (0:0) sonra keçirilən mətbuat konfransında deyib.
O, qolsuz bərabərliklə bitən oyunun əhəmiyyətindən danışıb.
Mütəxəssis bildirib ki, nəticə ürəkaçan olmasa da, növbəti oyunlarda komandasının qələbəsinə inanır: "Çempionluq hələ bitməyib, qarşıda iki tur var. Ümid edirik ki, növbəti iki oyunda qələbə qazanacağıq. Eyni zamanda arzu edirik ki, rəqib xal itirəcək və sonda çempion biz olacağıq".
Kərəmli stadionda rəqib komandanın azarkeşlərinin daha aktiv olmasına münasibət bildirib: "Qusarlı azarkeşlərin necə çılğın olduğunu, komandalarını necə sevdiklərini bilirdik. Ona görə də bu mühit bizim üçün sürpriz olmadı. O qədər azarkeşsiz oynamağa öyrəşmişik ki… Eybi yox, rəqibin azarkeşi olsa belə, əsas odur ki, stadion dolsun".
Qeyd edək ki, "Şahdağ Qusar" bu matçdan sonra xalını 68-ə çatdırıb. Şimal təmsilçisi ən yaxın izləyicisi olan "Şəfa"nı 3 xalla qabaqlayır.