"Çətin oyun idi. MOİK əzmkar və texnikalı komandadır". Bu sözləri Sport24.az-a açıqlamasında I Liqa təmsilçisi "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Gənc mütəxəssis komandasının liqanın 12-ci turunda MOİK-ə qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb:

"MOİK son 3 görüşdə 9 xal qazanmışdı. Bərabər səviyyəli oyun keçdi. Belə matçlarda az səhv edən komanda qalib gəlir. İkinci hissədə öndə pressinqi artırdıq deyə rəqibi səhvlər etməyə məcbur etdik. Qış fasiləsində istər-istəməz bütün klublar heyətlərini gücləndirəcəklər. Buna görə biz də mütləq güclənməliyik. Lider kimi yola davam etmək istəyiriksə, stabilliyi qorumalıyıq. Çempionatda əsas rəqibimiz olaraq tək "Səbail"in adı çəkilir, amma mənə görə 4-5 komanda çempionluq uğrunda mübarizə aparmağa qadirdi. Buna görə də hər rəqibə qarşı ciddi hazırlaşırıq".

Qeyd edək ki, "Şəfa" 12 turdan sonra 30 xalla Birinci Liqada birinci pillədə qərarlaşıb.