Şənbə günü Gəncədə yerli “Kəpəz” “Səbail”i qonaq edirdi. Stadiona üz tutan azarkeşlərin çoxu tribunada yerini tutmamış qonaqlar “sarı-göylər”i meydanın mərkəzinə dəvət etdi ki, bəlkə də əksəriyyət qolun necə vurulduğu görə bilmədi. Meydan sahiblərinin qolkiperi Vladislav Vasilyuçekin kobud səhvindən sonra ötən mövsüm “Kəpəz”in şərəfini qoruyan Yusif Nəbiyev 2-ci dəqiqədə komandasının ilk qolunun müəllifi oldu. Yeri gəlmişkən onu da qeyd edək ki, belaruslu qolkiper “Turan Tovuz”la matçda da legioner adına yaraşmayan axmaq səhvlə komandasının məğlubiyyətinin əsas səbəbkarlarından biri kimi yadda qalmışdı. Meydan sahibləri ilk qolun şokundan ayılmamış növbəti dəfə üzüntü yaşadı. Bu dəfə Pana estetik, çox baxımlı qolla fərqi 2 topa çatdırdı. Hətta gəncəlilər də bu qolu alqışla qarşıladı. “Sarı-göylər”in artıq nokauta düşdüyü açıq-aydın sezilirdi. Meydan sahibləri toparlana, komanda oyunu nümayiş etdirməkdə çətinlik çəkirdi. Gəncəlilərin heyətində debüt edən təcrübəli Georgi Papunaşvili belə kölgəyə çəkilmişdi. Karyerası ərzində Almaniyada, İspaniyada, Kiprdə legioner həyatı yaşamış Gürcüstan millisinin sabiq üzvü çox çalışsa da, komanda yoldaşlarının sönük oyunu fonunda heç nə edə bilmirdi. Yarımmüdafiəçi ağır görünsə də, bir neçə epizodda yüksək texnika nümayiş etdirməklə, səviyyəsini ortaya qoydu. Ancaq bu publikanın alqışından başqa heç nəyə yaramadı. Qonaqların 16 dəqiqəyə vurduğu 2 qol gəncəlilərin oyun intizamını pozmuş, çaşqınlıq yaratmışdı.

Matçda sonuncu qol Aleksandr Ramalinqomdan gəldi. İkinci yarının əvvəlində madaqaskarlı forvard komandasının üçüncü qolunun müəllifi oldu. Bu artıq Aleksandrın mövsümdə 4-cü qolu idi.

Bərbad, məzmunsuz oyunla azarkeşlərini məyus edən Azər Məmmədovun komandası mövsümdə 4-cü dəfə meydanı başıaşağı tərk etməli oldu. Geridə qalan 6 turda ilk dəfə böyük hesabla məğlub olan “sarı-göylər” belə oyunla yola davam ecəcəyi təqdirdə çətin ki, elitada yerini qorusun. Düzdü, indidən mövsümün sonunda nəyin necə olacağını söyləmək tezdi. Ancaq yola çıxıdğın maşının motoru normal işləmirsə, avtomobilinin səni mənzil başına çatdıracağı inandırıcı görünmür. Ya vaxtında ustaya müraciət edib motordakı nasazlığı aradan qaldırmalısan, ya da yolda qalacağınla barışmalısan... Yəqin ki, bunu “Kəpəz”in məşqçilər korpusu və futbolçuları da başa düşür. Əks halda “Səbail”lə görüşdə olduğu kimi azarkeşlər hər oyundan sonra futbolçuları paltardəyişmə otağına uğultu və gəlişi gözəl sözlərlə yola salacaq... 

“Dənizçilər”ə gəlincə, Şahin Diniyevin komandasının turdan-tura “artırdığı” göz önündədi. Ən vacibi isə budu ki, "Səbail" qələbələri məzmunlu, şən futbolla əldə edir, lider kürsüsünə əyləşmiş, lakin ürəkbulandırıcı futbolla 1:0-ları sıralayan "Zirə" kimi yox. Belə davam edəcəyi halda paytaxt təmsilçisi hələ çox komandadan 3 xal alacaq.  Təbii ki, ardıcıl qələbələrdən sonra futbolçular eyforiyaya qapılmasa.   

RƏŞAD QASIMOV