Premyer Liqanın son turlarda ən yaxşı komandası heç şübhəsiz ki, “Sumqayıt”dı. “Kimyaçılar” baxımlı futbolla yanaşı, qələbələri də sıralayaraq artıq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.
Bu həftə isə Samir Abasovun komandasını daha daha bir ciddi sınaq gözləyir. Sumqayıtlılar lider “Zirə” ilə qarşılaşacaq. “Qartallar”la Sumqayıtdakı oyundan öncə “gənclik şəhəri”nin təmsilçisinin baş məşqçisi Sport24.az-ın suallarını cavablandırıb.
- Yığma növbəti seçmə mərhələni başa vurdu. Demək olar hamı Canni de Byazinin getməli olduğunu söyləyir. Siz necə düşünürsüz?
- Yerli məşqçi kimi yox, bir azərbaycanlı, azarkeş kimi ölkənin əsas komandasının “sükanı arxasında” yerli məşqçinin olmasının tərəfdarıyam. Fikrimcə, baş məşqçi azərbaycanlı mütəxəssis olacağı halda milli daha yaxşı nəticələrə imza ata bilər.
- XIV turda “doğma divarlar” arasında Premyer Liqanın lideri “Zirə” ilə qarşılaşacaqsız. Qarşıdakı matçdan gözləntiləriniz...
- Komanda son oyunlarda heç də pis təsir bağışlamır. “Neftçi” üzərində qələbədən sonra düşərgədə əhval-ruhiyyə yüksəkdi. Özünüz də gördünüz ki, bu gün məşqdə əvəzedici heyətin futbolçularını çıxmaq şərti ilə cəmi 9 futbolçu var. Yığmaların oyunlarına görə yaranmış fasilənin komandaya necə təsir etdiyini həftəsonu görəcəyik. Özüm yaxşı olacağını düşünməyə çalışıram və futbolçularımı da bu yöndə kökləyirəm. Fasilədə düşərgədən ayrılan oyunçuların geri dönməsini gözləyirəm. Ümid edirəm, hansısa problemlə üzləşməyəcəyik.
- “Zirə” ilə matçın “Kapital Bank Arena” və ya yeni istifadəyə verilmiş “Mehdi Hüseynzadə”də keçirilməsinin sizin üçün hansısa fərqi var?
- Bu sual bizə tez-tez verilir. Şəhərə çıxanda azarkeşlərimiz yaxınlaşaraq “nə vaxt yeni stadionda oynayacağıq” deyə soruşurlar. Fikrimcə, görüş “Mehdi Hüseynzadə”də keçiriləsi olsa, komanda təzyiq altında olacaq. Niyə? Təsəvvür elə, ilk matç, tribunalar dolu. Belə atmosferdə kim uduzmaq istəyər? Qalib gəlmək istəyi ilə alışıb-yanmağın özü də futbolçuların üzərində təzyiq yaradır.
- “Sumqayıt” bu gün üçüncü pillədədi. Futbolçuların eyforiyaya qapılmağından, arxayın düşməyindən çəkinmirsiz?
- “Zirə” ilə oyundan çox şey asılıdı. Bu matçdan qalib ayrıla bilsək, komandada özgüvən arta, daha inamlı ola bilərik. “Zirə” səddini aşa biləsək, işimiz yüngül olacaq.
- Təqvim də münasibdi...
- Bilirsiz necədi? “Sabah”la matçın ilk hissəsini yaxşı oynadıq. Məhz həmin qarşılaşmadan sonra futbolçuların özünə inamı artdı. Və uğurlu seriya yaxaladıq. İndi üçüncü pillədəyik. Çalşacağıq həmin mövqeni qoruyaq. Açığı, orda qalmaq həmin pilləyə yüksəlməkdən daha çətindi. Bəlkə də çoxları gözləmirdi ki, “Sumqayıt” bu yerə yüksələ bilər. İndi çalışacaqlar bizi “aşırtsınlar”.
- Baş məşqçi olaraq, komandanızın potensialına inanırsız?
- Biz oyunumuza güvənirik. Əsas odu sərəncamımızda olan oyunçuları futbol fəlsəfəmizə uyğunlaşdıraq. Onları inandıraq ki, belə oyunla irəli getmək mümkündü. Bundan daha yaxşısı, bəlkə də daha keyfiyyətli futbolçularla ola bilər.
- Sözlərinizdən belə çıxdı ki, hazırkı “Sumqayıt”ın potensialı daha artığına imkan verir...
- Keçirdiyimiz son matçlar komandanın inkişaf etdiyini göstərir. Bir qədər də “artıra” bilərik. İstədiyim futbolu tədricən görə bilirəm. Elə oyunçu var idi ki, üstündən xətt çəkmişdik. Ancaq indi həmin futbolçunun da performansında irəliləyiş görürük. Futbolçularım verdiyim tapşırıqları yerinə yetirir və bəhrəsini görür. Bu zaman onların baş məşqçiyə inamı daha da artır.
- Hər dəfə “mətbuatı izləmirəm” söyləyirsiz. Maraqlıdı, niyə izləmirsiz?
- Əlavə vaxt itirmək istəmirəm. Mənim əsas işim komandanı növbəti oyuna hazırlamaqdı. Tutaq ki, axırıncı oyunlarımızdan sonra mətbuatda “Sumqayıt” barədə xoş fikirlər yazılıb. Bunu oxuyanda nə olur? Və yaxud mənim və komandam barədə neqativ yazırlar. Onlar bizə nə verəcək? Onsuz da bilirəm ki, bizdə nə çatır, nə çatmır... Evdəkilər də bilirlər ki, mənim fikirimi yayındırmaq olmaz. Diqqətim başqa yerə yönəlsə, bu birbaşa komandaya təsir edəcək.
- Bu “Sumqayıt” avrokuboklara vəsiqə qazana bilər?
- Mən də çox istəyirəm. Bilirsiz niyə? Bu şəhərə, sakinlərə görə. Çünki, Sumqayıt həmişə futbol şəhəri olub və olacaq. O gün mənə deyirlər ki, filan telekanal səni verilişə dəvət edir. Mən indi ora gedib nə deyəcəm? Hələ heç nə bəlli deyil. Bəli, bu gün ilk “üçlük”dəyik. Lakin 13 turdan sonra 3-cü yerdə olmaq o demək deyil ki, artıq missiyamız başa çatıb. İstəmirəm ki, mənim və futbolçularımın diqqəti başqa işlərə yönəlsin. Ən böyük istəyim şəhərimizin, azarkeşlərimizin avrokubok həyacanını yaşamasıdı.
- Belə çıxır ki, Samir Abasov diqqət mərkəzində olmağı xoşlamır...
- Niyə ki? Şəhərə də çıxıram, məhləyə də düşürəm, azarkeşlərimizlə də görüşürəm. Sadəcə, istəmirəm ki, mediada, telekanallarda görünüm. Yenə deyirəm, hələ görüləsi çox iş var.
RƏŞAD QASIMOV