"Qarabağ"ın futbolçusu Sami Mmae "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI turunun oyunundan sonra Sport24.az-ın suallarını cavablandırıb.

- Azərbaycan derbisində qələbə qazandınız. Matç haqqında nə deyə bilərsən?
- Düşünürəm ki, qarşılaşmaya çox yaxşı start verdik. Rəqibə meydanda təzyiq göstərə bilirdik. Topa da daha çox hakim olan tərəf biz idik. Həm də aqressiv idik. Bu səbəbdən məncə, yaxşı oynadıq. Bəzən səhvlərimiz də olur. Diqqətli olmaq lazımdır. Amma bu matça hazır olduğumuzu göstərdik və bu gün qələbəyə layiq idik.

- Necə düşünürsən, səncə, çempionatın ən çətin matçı bu idi?
- Şəxsən mənim üçün yox. Bundan çox əziyyət çəkdiyimiz oyunlar olub. "Neftçi" ilə görüşdə bir neçə qol şansı əldə etdik. Belə kollektivlərə qarşı oynamaq daha asandır. Çünki onlar səni arxada qarşılayıb gözləmirlər. Açıq oyun olanda bəzi boşluqlar da tapırıq. Digər komandalar isə 4-5 futbolçu ilə müdafiə olunurlar və belə olan halda boşluq tapmaq çətindir.

- Oyundakı atmosfer haqqında nə deyə bilərsən?
- Çox yaxşı idi. Belə azarkeşlər qarşısında oynamaq hər zaman xoşdur. Bu bizi daha da xoşbəxt edir.

- Azərbaycan çempionatının səviyyəsi səni qane edir?
- Liqada yaxşı komandalar var. Hamı öz keyfiyyətini ortaya qoyur. Bayaq dediyim kimi bəzən çox müdafiə olunurlar, bəzən isə oynamağa çalışırlar. Amma düşünürəm ki, hər komandanın özünəməxsus xüsusiyyəti var. Buna görə qalib gəlmək üçün hər matça yaxşı kökləməliyik. Bütün oyunlarda 100 faiz hazır olmalısan.

- Bəs çempionatda ən çətin rəqib hansı komandanı hesab edirsən?
- Bilmirəm. Mənim üçün hamısı eynidir. Sadəcə, hər görüşdə qələbəyə nail olmalısan. Düşünürəm ki, ən vacib olanı da budur. Hansısa kluba xüsusi diqqət yetirmirəm. Sadəcə, sonda çempion olmağa yönəlmişəm.