"Təbii ki, millimiz favoritdir. Lixtenşteyn yığması o səviyyədə deyil ki, komandamıza qarşı ciddi müqavimət göstərsin. Təbii ki, futbolda hər rəqibə hörmətlə yanaşmaq lazımdır. Düşünürəm ki, qələbə qazanmaq üçün şanslarımız çoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis UEFA Millətlər Liqasının D Liqasında II qrup çərçivəsində keçiriləcək Azərbaycan – Lixtenşteyn oyunu barədə fikirlərini bölüşüb.

"Qrupda lider olmaq məsələsinə gəlincə, bu, top fərqi ilə də müəyyənləşə bilər. Məsələn, Litva Lixtenşteynə 2 qol vurubsa, biz ondan daha çox fərqlənməliyik. Bu baxımdan vurulan və buraxılan qollar da əhəmiyyət daşıya bilər. Ona görə də belə oyunlarda təkcə qələbə qazanmaq yox, mümkün qədər çox qol vurmaq da vacibdir. Əsas qrupun final oyunu kimi isə Azərbaycan – Litva qarşılaşmasını qeyd edərdim. Fikrimcə, həmin görüş qrupdakı vəziyyətin müəyyənləşməsi baxımından xüsusi əhəmiyyət daşıyacaq. Bildiyimiz kimi, format dəyişdirilib, Millətlər Liqasında D Liqası olmayacaq. Bu baxımdan qrupun lideri olmaq əvvəlki qədər əhəmiyyətli deyil. Amma pley-off baxımından bu, vacibdir. Qrupdakı hər matçın öz əhəmiyyəti var və xüsusilə son mərhələdə əldə olunan nəticələr komandanın vəziyyətinə təsir göstərə bilər. Həm də qələbə qazanmaq yığmamızın FIFA reytinqində irəli getməsinə kömək olacaq. Hər qələbə və uğurlu nəticə reytinq baxımından müəyyən üstünlük yarada bilər. Millimiz həm nəticə, həm də oyun baxımından özünü yaxşı tərəfdən göstərməli və qarşısına qoyulan məqsədə çatmağa çalışmalıdır".

Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.