Yaxşı deyiblər ki, yaxşı qapıçı komandanın yarısıdı. Son 3 turda məğlubiyyələri sıralayan "Sabah"  "Kəpəz"lə ev matçında "çərçivə" qoruyucusun xətalarının acısını çəkdi. Rusiyalı baş məşqçi Murad Musayev gözlənilmədən Yusif İmanovu ehtiyatda saxlayaraq 2-ci də yox, 3-cü qapıçıya əsas heyətdə yer verdi. Görünür, 40 yaşlı mütəxəssis bu rəqiblə matçda əsas qapıçısız da keçinəcəyini, 3 xalın cibində olduğunu düşünürdü. Amma sən saydığını say, gör, Rüstəm Samiqullin nə sayır...Onu da unutmayaq ki, əvəzedicilərdə daim oynayan bu qapıçı U-21 yığmasının "1 nömrə"sidi. İndi gör, bu yığma komandanın baş məşqçisi Samir Əliyev nələr çəkir.

Düzdü, "Sabah"ın buraxdığı erkən qolda cəzasını bitirərək əsas heyətə qayıdan sağ cinah müdafiəçisi Amin Seydiyevin də az rolu olmadı. Hər halda, arxaya elə ötürmə verməzlər. Özü də qarşındakı Abdullahi Şuaybu kimi cəld, sürətli hücumçu olanda. Nigeriyalı bəstəboy forvard  sonadək mübarizə aparıb qolunu vurdu və alqışalayiq hərəkət etdi - qolu əsgər salamıyla qeyd etdi!

"Sabah"ın əcnəbi müdafiəçiləri isə yaxşı planda seçildilər və Seydiyevə nümunə oldular. Belə ki, fasiləyədək ispan stopper Con İrasabal başla hesabı bərabərləşdirdi,  ikinci hissənin əvvəlində isə bosniyalı sol cinah müdafiəçisi Boyan Letiç penaltiylə konandasını hesabda irəli çıxardı. Oyunda təşəbbüs meydan sahiblərinin tam əlində idi və gözləmək olardı ki, bu dəqiqələrdə 3-cü qolu vuraraq intriqanı öldürəcək. Və bu anda yenə Samiqullin səhnəyə çıxdı. O, bu dəfə uzaq məsafədən cərimə zərbəsindən birbaşa qapıya gedən topu dəf edə bilmədi. Düzdü, bunda "Kəpəz"in son transferi olan Levan Papunaşvilininim ustalığını da qeyd etməliyik. Ümumiyyətlə, gürcü hücumameyilli yarımmüdafiəçi topla oyunu, meydanı görmə qabiliyyəti ilə "qabında" nələrinsə olduğunu göstərdi. Sadəcə, artıq çəkisinin olması, fiziki hazırlıqsızlığı sözünü deyir. Baş məşqçisi Azər Məmmədov onu yaxşı formaya sala bilsə, hələ çox faydalanacaq.

Məmmədov əsas heyətdə bəzi dəyişikliklər edərək Papunaşvili ilə yanaşı, Kamran İbrahimova da ilk dəfə əsas heyətdə yer vermişdi. Həmin Kamran ki, "Kəpəz"də 1 ildi Premyer Liqada oynamırdı. O da 2 qol buraxsa da, Rüstəmdən fərqli qollardangünahı olmadı. Yeri gəlsə, penaltidə zərbənin istiqamətini də düz tapmışdı. İbrahimovun qapıda inamlı çıxışı müdafiə xəttinə müsbət təsir göstərirdi.

"Kəpəz" aparıcı mərkəz yarımmüdafiəçisi Olavale Onanuqa zədə üzündən ikinci hissədə itirdiyi, 8 dəqiqə əlavə olunduğu matçda duruş gətirərək 1 xalı qopara bildi. Bununla da keçən mövsümün medalçıların hamısından xal ala bildi. Qarşıdan isə avrokuboklardakı son təmsilçimiz, Kubokunun hazırkı qalibi "Qəbələ"ylə duel gəlir. Hər halda, bu uğurlu nəticələri həmin "4-lük"dən aşağıda olmuşlarla da görüşlərdə qazanmaq lazımdı ki, indi turnir cədvəlinin sonlarında olmayasan.

"Sabah" isə böyük "qara zolaq"dadı. Murad Oleqoviç oni bu vəziyyətdən çıxaracağına əmin olduğu o bir qələbəni hələ də axtarır. Belə gedişlə ilk dövrədə daha qələbəsi olmayacaq. Çünki hazırda yüksəlişdə olan "Səbail" və iddialılara əsl başağrısı olan "Araz-Naxçıvan"la matçları qalıb. Musayev hər dəfə hakimlikdən narazılıq etsə də, indiki vəziyyətdə ilk növbədə günahı özündə, öz komandasında axtarmalıdı. Konkret "Kəpəz"lə oyunda baş hakim İnqilab Məmmədovun nəticəyə təsir edən səhvi qalmadı. Ona qalsa, rəqib qapısına penalti təyin olunanda köməkçisi ilə qayda pozuntusunun olmamağı ilə bağlı futbolçularına səsləndi. Lakin Məmmədov VAR-dan gələn çağırışdan sonra monitora yaxınlaşdı və epizoda xeyli baxandan sonra olan əllə oyunu qeydə aldı. Fakt odur ki, "Sabah" "Partizan"a Belqradda oyunsonrası penaltilər seriyasında uduzaraq avrokuboklarda kənatda qalandan sonra hələ ki özünə də gələ də bilmir, qalib gələ də...

 

MEHMAN SÜLEYMANOV