Misli Premyer Liqasının XXXI turunun "Neftçi" – "Şamaxı" oyunundan (3:0) sonra meydan sahib komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

 

 

– Ukraynalı mütəxəssis Lobanovskinin komandalarının vizik kartı o idi ki, ilk dəqiqələrdən pressinq tətbiq edir, qol vurur və müdafiəyə çəkilir. Bu gün də "Neftçi" bu sistemlə göründü. Bunu bəyənirsiniz deyə, tətbiq edirsiniz?

 


– Lobanovski böyük əfsanədir. Deməzdim ki, onu çox yaxşı tanıyıram və sistemini tətbiq etmək istəyirəm. "Neftçi" olaraq çalışırıq ki, adımıza layiq oyun göstərək. İlk dəqiqələrdən aqressiv olmalı, pressinq etməliyik. Bizdən aşağı sıralarda qərarlaşan komandalara tez qol vuranda oyun daha asanlaşır. Bəzən bu, yaxşı alınır. Bugünkü matçda da çox tez qol vurduq, əlavə şanslar yaratdıq. Amma bir neçə epizodda fürsətləri boşa verdik. İkinci hissə isə edə bilmədiklərimizi etdik. Xoşdur ki, komandam vəziyyəti dərk edir və oyunun əvvəlindən müdafiədə qalmır.

 

– "Qarabağ"ı 5 il idi, məğlub edə bilmirdiniz və seriyanı siz pozdunuz. Komanda üç ildir "Sabah"a da qalib gələ bilmir, bu həsrəti də başa çatdıra biləcəksiniz?

 


– Başqa yolumuz yoxdur. Hazırda turnir cədvəlinə baxsaq, "Zirə" ilə aramızda üç xallıq fərq var və bu, heç nə demək deyil. "Sabah"la matçda qələbə üçün oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, mövsümü yaxşı yerdə bitirək.

 

 

– Qapıçı mövqeyində dəyişikliyi daha tez etməli olduğunuzu düşünmürsünüz?


– Qeyri-adi bir şey görmürəm. Emil Balayev və Kenan Piriç yaxşı qapıçıdır. Sadəcə, "Qarabağ"a böyük hesablı məğlubiyyətdən sonra Emilə şans verməyi qərara aldım. Həmin matçdan sonra dəyişiklik etməli idim. Gələcək üçün deyə bilərəm ki, eyni səviyyəli iki qapıçımız var. Düşünürəm ki, hər ikisi şansını qazanacaq.

 

– Abubakar məsələsi necə olacaq? Hardadır, nə üçün oynamır?


– Hər futbolçunun şansı olacaq. Daha əvvəl Ağadadaş haqqında suallar verilirdi, amma son iki matçda o da oynayır. Məşqdə göstərdiyi əzmkarlığını bəyənirəm və buna görə şans verirəm. Kimlər yaxşı olacaq, onlar da şans əldə edəcək. Bu, bizim futbol həyatımızdır.