Misli Premyer Liqasının XXXI turunun "Neftçi" – "Şamaxı" oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

 

– Son oyunları gözləyirik. Çempionatın elə yerindəyik ki, bəzi matçlar formal xarakter daşıyır. Buna baxmayaraq, qarşıda bir ev matçımız var, "Turan Tovuz"la qarşılaşacağıq. Hazırlaşacağıq, bəzi futbolçular var, onları meydanda görmək istəyirik.

 

– Ardıcıl iki güclü rəqiblə oynadınız və qol vura bilmədiniz. Futbolçuların oyunlara köklənməyində problem hiss edirsiniz?


– İki matçda altı qol buraxmışıq. Buna qədər səhv etmirəmsə, az qol buraxan komandalar arasında 4, ya 5-də idik. Təqvimimiz ağır oldu. Bilirdik ki, son matçlar çətin keçəcək, rəqiblər daha iddialı kollektivlərdir. Bu oyunlardan əvvəl çempionatdakı yerimizi təmin etdik. Mövsümün sonudur və yorğunluq normaldır. Liqa bizim üçün gərgin keçdi. Görürsən ki, futbolçular istirahəti gözləyir. Bu da normaldır. Rəqibi də qeyd etmək lazımdır, onlar da hər matça final kimi yanaşır. Futbolçular ağır yolda canlarını qoydular. Azarkeşlərimizi sevindirmək istəyirdik, təssüf ki, alınmadı.

 


– Sizcə, burdakı birinci oyunda, yoxsa bugünkü matçda "Neftçi"yə qarşı çox çətinlik çəkdiniz?


– Şamaxıda 2:2 hesablı heç-heçə etmişdik və asan alınmamışdı. Həmin oyunda rəqib bizdən böyük ölçüdə fərqlənməmişdi. Düzdür, matçın sonları dramatik alınmışdı. Bugünkü görüşlə müqayisə etmirəm. "Neftçi" bu gün üstün idi, son matçlarda da yaxşı çıxış edirlər. "Qarabağ"ı məğlub etdilər, sonra "Karvan-Yevlax"a qalib gəldilər. Onların Avroliqa yolu açılıb. "Neftçi" Azərbaycan futbolunun tarixidir. Heyətlərinin potensialı var və daha yüksəkdə olmağa layiqdirlər.

 

– "Şamaxı"dakı taleyinizə aydınlıq gəlib? Təklif olsa, sizi fikrinizdən döndərə bilər?


– Klubla danışmışıq və vəziyyəti təhlil etmişik. İnşallah, qarşıdakı iki oyundan xal qazanıb, elə ayrılarıq.

 


– "Şəfa"dan təklif var?


– Belə söhbət olmayıb. Bir işə köklənməliyik, qarşıda ağır yol var. Heç bir klubla danışığım olmayıb.