"Sabah"ın polşalı futbolçusu Timoteuş Puxaç ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, cinah müdafiəçisi gələcəyi ilə bağlı bütün suallara aydınlıq gətirib. 

 

O, hazırkı komandasında qalmaq istədiyini və klubun onu birdəfəlik transfer edəcəyini təsdiqləyib.

 

Puxaç deyib ki, fantastik təklif gəlməyəcəyi təqdirdə Bakı klubundan ayrılmaq fikri yoxdur:

 

"Sabah məni satın alacaq. Açığı, getməyi planlaşdırmıram. Mənə burada üç illik yaxşı müqavilə təklif olunub və özümü bu komandada çox rahat hiss edirəm".

 

Oyunçu Misli Premyer Liqasında çempionluğu qazanmalarının komandada böyük rahatlıq yaratdığını vurğulayıb. 

 

"Mövsümün əvvəlində nəticələr stabil olmasa da, heyət möhkəmləndikdən sonra qələbə seriyası başladı. Xüsusilə dekabrda "Qarabağ" üzərində qələbəni dönüş nöqtəsi hesab edirəm. Çempionluq hələ geniş şəkildə qeyd olunmayıb. "Qarabağ"ın oyunundan sonra artıq gec idi, iki gün sonra yenə matçımız var idi. Ona görə də bayram etməyə imkan olmadı. Əsl qeyd etmə, yəqin ki, kubokdan sonra olacaq. Hədəfimiz Azərbaycan Kubokunu da qazanmaqdır. Əgər komanda dubl edərsə, əsas bayram da məhz o vaxt olacaq. Kuboku da qazansaq, düşünürəm ki, daha böyük sevinc yaşayacağıq. İndiyə qədər hər şey bir az sakit keçib".

 

Müqavilə ilə Almaniyanın "Holştayn Kil" klubuna məxsus olan futbolçu "Sabah"da qalmaq istədiyini söyləyib:

 

"Əvvəlki rəhbərliklə yollar ayrıldıqdan sonra Almaniya klubu məni geri qaytarmaq istəsə də, bu variant cəlbedici deyildi. Almaniyada bir neçə dəfə məyus oldum. Hətta ora qayıdıb başqa kluba keçsəm belə, yenə əvvəlki klubuma pul qazandırmış olacaqdım. Burada qalsam, gələcəkdə ayrılsam belə, "Sabah" qazanacaq. Mənim üçün bu daha məntiqlidir."

 

Puxaç əlavə edib ki, Bakıda ona həm maddi, həm də futbol baxımından çox yaxşı şərait yaradılıb:

 

"Burada əla komandam, güclü məşqçim var. Çempion olmuşuq və Avropa yarışlarında oynayacağıq. Hazırda getmək üçün heç bir səbəb görmürəm".

 

Qeyd edək ki, "Sabah" bu gün Bizon Azərbaycan Kubokunun finalında "Zirə" ilə üz-üzə gələcək