"Sabah"ın almaniyalı hücumçusu Coy Lens Mikelsin Sport24.az saytına müsahibəsi.

 

– "Şamaxı"ya 3:0 hesabı ilə qalib gəldiniz. Oyunla bağlı fikirlərin?


– Komandamız üçün möhtəşəm mövsüm keçir. Çempion olmağa layiq idik. Ola bilər ki, bu qədər qələbə qazanacağımızı gözləmirdik. Hər bir futbolçunun performansı çox yaxşı idi.


– Qarşıda avrokubok matçları var. Gözləntiləriniz necədir?

– Avropa səhnəsində çıxış etmək çətindir. Ən kiçik səhv belə bağışlanmır. Keçən illərlə müqayisədə, bu il avrokuboklarda daha təcrübəli komanda kimi çıxış edəcəyik.

 

– Çempionluqda həlledici məqam nə oldu? Yəqin ki, "Qarabağ" üzərində qələbələr komandaya xüsusi inam verdi...

– Çempionluğumuzu yalnız "Qarabağ" üzərindəki qələbələrlə əlaqələndirmək olmaz. Mövsüm ərzində daha çox öz oyunumuza fokuslanmışıq. Bunun xüsusi bir məqamı yoxdur.


– Növbəti mövsümün daha gərgin keçəcəyini gözləyirsən?

– Növbəti mövsüm avqust ayında başlayacaq. Komandalarda çox dəyişikliklər ola bilər. İndidən bu barədə danışmaq tezdir.


– Yayda müqavilən başa çatır. Məlumatlara görə, daha uzun müddətli müqavilə imzalamaq niyyətindəsən...

– Ümid edirəm ki, belə olacaq. Amma sanki müqavilənin şərtlərini məndən daha yaxşı bilirsiniz (gülür).

 

– Kubokda rəqib "Zirə"dir. "Qızıl dubl" etməyi bacaracaqsınız?

– Kuboku 100 faiz qazanacağımızı deyə bilmərəm. Amma bir şeyi dəqiq bilirəm ki, Mikelslərdən biri Azərbaycan Kubokunu qazanacaq (gülür).