"Sabah" Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.
Sport24.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Oyunu iki hissəyə bölmək lazımdır. Birinci yarıda çox yaxşı oynadıq, hər şey bizim nəzarətimiz altında idi. 2-3 şansımız oldu ki, daha yaxşı istifadə edə bilərdik. Fasilədə futbolçulara dedim ki, 3-cü qolu vurmalıyıq. Fasilədən sonra qol vurmağa o qədər də iddialı görünmürdük. İkinci hissədən məmnun deyiləm. Bura xal götürmək üçün gəlmişdik. Ən önəmlisi də bu idi ki, üç xalı əldə edə bildik.
- İki həftə ərzində iki dəfə Tovuzda süni örtüklü meydançada oynadız. Bu oyununuza necə təsir edir?
- Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır. Premyer Liqada çıxış edən bütün komandalar təbii meydançada oynamalıdır. Bütün həftə məşqləri təbii örtükdə edirik. 15 gün ərzində burada iki dəfə oynamaq asan deyil.
- Oyunöncəsi məşqi burada etməməyinizin səbəbi nədir?
- Bu barədə çox pis təcrübəm var. Belə olan halda 2-3 oyunçu zədələnə bilər. Buna görə də risk etmək istəmirəm.
- Avrokuboklar uğrunda oynayan komanda müdafiədə kobud səhvlər edir. Arxa xətt oyunçularının performansını necə dəyərləndirirsiniz?
- Müdafədə sadəcə 4 futbolçu oynamır. Bütün komanda onlara kömək etməlidir. Mərkəzdə boşluqlar verirdik. Müdafiədəki problemlərin səbəbi bununla bağlıdır.
- Növbəti mövsüm üçün komandaya xorvatiyalı futbolçular gətirmək planınız var?
- Xorvatiyada istedadlı, keyfiyyətli futbolçular var. Amma o demək deyil ki, istədiyim hər oyunçu bura gətirə bilərəm.