UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb. Sport24.az-ın məlumatına görə, "Sabah"ın üç futbolçusu müxtəlif nominasiyalar üzrə təsnifat mərhələlərinin lideri mövqeyində qərarlaşıb.

Belə ki, Velko Simiç 6 qolla bombardirlər yarışında ilk pillədədir. Serbiyalı hücumçu keçirdiyi oyunlarda məhsuldarlığı ilə diqqət çəkərək bu göstəricidə bütün rəqiblərini qabaqlayır.

"Bayquşlar"ın digər futbolçusu Timoteuş Puxaç isə 4 məhsuldar ötürmə ilə turnirin ən yaxşı assistentidir. Polşalı yarımmüdafiəçi komanda yoldaşlarının fərqlənməsində mühüm rol oynayıb.

Coy-Lens Mikels də fərdi göstəricisi ilə ön plandadır. Niderlandlı hücumçu 13 dəqiq zərbə ilə bu nominasiyada bütün futbolçuları geridə qoyur.

Beləliklə, "Sabah"ın üç oyunçusunun fərqli statistik göstəricilərdə lider olması Azərbaycan çempionunun Çempionlar Liqasının təsnifat mərhələlərində hücum potensialını da ortaya qoyur.

Qeyd edək ki, "Sabah" pley-off mərhələsinin ilk oyununda İsrailin "Hapoel" (Beer-Şeva) komandasına uduzub – 1:2. Tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.