Azərbaycan millisinin və "Şamaxı"nın futbolçusu Rüfət Abbasov Sport24.az-a müsahibə verib.

- Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"la qolsuz heç-heçə etdiniz. Matç haqqında fikirlərin...
- Bizi ağır oyun gözlədiyini bilirdik. Elə də oldu. Amma bu matça yaxşı hazırlaşmışdıq. Xal və ya xallar qazanmaq istəyirdik. Qol epizodlarımız da oldu, lakin yararlana bilmədik.

- Bir xalı komandanız üçün qənaətbəxş hesab etmək olar?
- Üç xal qazanmaq istəyirdik, təəssüf ki, alınmadı. Bir xala görə də üzülmürük. Əsas odu uduzmadıq, xallarımızın üstünə xal gəldi.

- "Şamaxı"nın artıq Premyer Liqada qaldığını deyə bilərik?
- Mövsüm davam edir. İndidən nəsə demək çətindir. Bacardığımız qədər daha da yuxarı pillədə mövsümü başa vurmaq niyyətindəyik. Hər qarşılaşmaya da qələbə üçün çıxacağıq.

- Azərbaycan yığması UEFA Millətlər Liqasının D Liqasında Litva və Lixtenşteynlə eyni qrupa düşüb. Gözləntilərin necədir?
- Bəli, qrupda rəqiblərimiz bəlli oldu. Hədəfimiz qrupu lider kimi başa vurmaqdır. 4 qarşılaşmanın hər birində qalib gəlməliyik.

- Komandanın bu qrupdan C Liqasına yüksələ bilməməsini faciə hesab etmək olarmı?
- Pozitiv düşünək. İnanıram ki, C Liqasına yüksəlməyi bacaracayıq.