Premyer Liqanın XXXI turu çərçivəsində baş tutan "Turan Tovuz" – "Sumqayıt" matçından sonra "kimyaçılar"ın yarımmüdafiəçisi Rövlan Muradov Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. O,  həm oyunla bağlı danışıb, həm də gələcək planlarından söhbət açıb.

- Bu gün meydanda ən yaxşılardan biri də sən idin. "Turan Tovuz" üzərində qələbə haqqında fikirlərin maraqlıdı...
- Tovuz səfərinin bizim üçün çətin olacağını bilirdik. Belə ki, "Turan Tovuz" bu mövsüm həm çox yaxşı təsir bağışlayır, həm də avrokuboklara getmək istəyir. Güclü 12-ci oyunçu dəstəyi var. Meydanın süni olması da bizə çətinlik yaradırdı. Buna baxmayaraq, 90 dəqiqə döyüşdük və Sumqayıta 3 xalla qayıdırıq.



- Bu gün vacib qələbə qazanmaqla avrokuboklara gedən yolda vacib addım atdız. Amma qarşıda finala bərabər 5 tur var...
- Bu gün qələbə qazanmaqla turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırdıq. Tovuz təmsilçisiylə xal fərqini 5-ə çatdırdıq. Amma marafon davam edir. Hələ heç nəyi həll etməmişik. Qarşıdakı 5 oyu
nun hər biri bizim üçün olduqca çətin və finala bərabər keçəcək. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, uğurlarımızın aldı gəlsin.


- "Kimyaçılar"la "1+1" şərtiylə müqavilə bağlamısan. Yayda Sumqayıt təmsilçisində qalacan, yoxsa yeni təkliflərə açıqsan?  
- Bu barədə heç nə düşünmürəm. Əsas məqsədim qarşıdakı 5 tura köklənməkdi. Amma ümumi götürəndə "Sumqayıt"da xoşbəxtəm. Burda bir ailə kimiyik, gözəl atmosfer var.


- Xarici klublardandan da təklif gəlsə belə "Sumqayıt"da qalacaqsan?
- Məni yaxından tanıyanların bilir ki, ən böyük arzum xarici klublarda oynamaqdı. Amma reallığı da nəzərə almaq lazımdı. Sırf ad olsun ki, legioner həyatı yaşayıram deyə, ölkə xaricinə getmək istəmirəm. Gedib xarici komandada ehtiyatda qalıb, formadan düşəcəyəmsə daimi olaraq Azərbaycan çempionatında oynamağı üstün tuturam.


- Yetirməsi olduğun "Qəbələ" xoş günlərini yaşamır. Bu barədə nə deyərdin?
- "Qəbələ"ni sonuncu yerdə görmək məni çox üzür. 10-cu pillə bu kluba yaraşmır. "Qırmızı-qaralar"ın elitada qalmasını çox istəyirəm. Bölgələrimizdə onduz da futbol klubları azdı. "Qəbələ"nin isə beynəlxalq standartlara cavab verən bazası, infrastukturu, akademiyası var. Ümid edirəm ki, mövsüm sonunda bu klubun adını, tarixini, uğurlarını nəzərə alıb jest edərlər.



- Sən həm də yığmaya namizədlərdən birisən... Yaxın günlərdə milli komandanın yeni baş məşqçisinin adı açıqlanacaq. Yerli, yoxsa əcnəbi mütəxəssis?

- Əlbəttə ki, milli komandanın gələcəyi onun hər bir üzvü üçün maraqlıdı. Azərbaycan yığmasının formasında dövlət atributları var. O formanı geyinəndə məsuliyyətimizi anlayırıq. İstər yerli, istərsə də əcnəbi məşqçi olsun,  əsas odur ki, ölkənin əsas komandası üçün faydalı olsun. Bu təbii ki, mənim subyektiv yanaşmamdı.



- Samir Abasovu Azərbaycan yığmasınıb "sükanı arxasında" görmək istərdin?
- Niyə də olmasın? Samir müəllim sözünü demiş və uğurları olan məşqçidi. Onu millimizin baş məşqçisi kimi görmək istəyərəm.

ABDULLA İSMAYILOĞLU