"Zədəlilərimizdən Azər Salahlıyla Rəhman Hacıyev sağalaraq artıq komandayla məşq edirlər. Yalnız Sadio Tounkara hələ də fərdi məşq edir. Azərlə Rəhmanın "Səbail"ə qarşı ilk dəqiqələrdən oynamaq ehtimalı var. Sadəcə, hələ start müəyyənləşdirməmişik. İstənilən halda, hər ikisi ən azı ehtiyatda olacaqlar. Həkimlər onları tam hazır edərək sərəncamımıza veriblər". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasında (APL) son turlardaadları protokolda belə olmayan millimizin üzvləri - sol cinah müdafiəçisi Azər Salahlıyla yarımmüdafiəçi Rəhman Hacıyev fərdi məşqlərdən sonra qrup çalışmalarında iştirak edirlər: "Ancaq Sadio Tounkara üçün bir müddət gözləməli olacağıq. Onun aldığı zərbə nəticəsində ayağında menisk əməliyyatından sonra ağrılar üzə çıxıb. Həkimlər də futbolçunu nəzarətə götürüb və onu da ən qısa zamanda sərəncamımıza qaytaracaqlar. Mənə verilən məlumata görə, Sadionun qayıdışı millinin oyunlarındakı fasiləyə ərəfəsində yox, daha tez olacaq. Hər şey həkimlərin qərarından asılıdı. Tounkaranın köhnə zədəsi üzə çıxarıldı və dizinə iynə vurulmaqla müalicə proseduru olmalıdı. Artıq bundan sonra hər şeyə aydınlıq gələcək. Sezar Meza Kolli komanda üçün meydanda çox iş görür və son turda ayaqlarında ağrılar oldu. Ancaq onun da vəziyyəti yaxşıdı və komandayla məşq edir"

Qurbanov "Səbail"ə qarçı hücum xəttində Slvio Rodrigesin də xidmətindən yararlana bilməyəcək. Bu isə braziliyalı forvardın 4-cü sarı vərəqəni alaraq cəzalı olmasıyla bağlıdı. Belə olan halda, sərəncamında tək hücumçu - Anatole Abanq qalan "Keşlə"nin çalışdırıcısı mövqelər üzrə yerdəyişmələrin gözlənildiyini vurğulayıb: "Belə götürəndə, cinah yarımmüdafiəçiləri də hücumçu sayılır və onlardan lazım gəlsə, irəlidə istifadə edəcəyik. Bu, artıq oyunun gedişatından, matça planımızdan asılı olacaq. Qış transferlərimizdən hələ də debüt etməyən müdafiəçi Elvin Yunuszadəylə yarımmüdafiəçi Bahadur Həziyev səylə çalışırlar, hər ikisini məşqlərdə istəkli görürəm. Bahadur ondan nə istədiyimi bilir və "ansambl"dan geri qalmamaq üçün əlindən gələni edir. Elvin isə uzun zamandı futbolsuz qalıb və inanıram ki, o da qısa zamanda kömandamıza kömək edəcək" 

"Keşlə" turnir cədvəlində daha bir qonşusuyla səfər sınağı gözləyir. Belə ki, Sənan Qurbanovun yetirmələri 1:1 hesabıyla bərabərliyə qadlığı "Sabah"ın ardındam "Səbail"in qonağı olacaq. Gənc mütəxəssis qış fasiləsindən sonra qəbul etdiyi komandayla çempionatda ilk qələbəni qazanacağını gözləyir: "Bəlkə də "Sabah"la matçda uzatma dəqiqələrində buraxdığımız qol futbolçulara pis təsir göstərdi. Amma bundan sonra toparlanmağı bacardıq. Komandada ab-hava da yaxşıdı. Futbolçular məsuliyəti dərk edirlər ki, ilk növbədə vuruşmaq, sonadək mübarizə aparmaq lazımdı. "Səbail"ə qarşı da bu əzmlə çıxacağıq. Çünki analizlərdən görünür ki, qarşımızdakı komanda çox ciddi rəqibdi. Hər iki komadanın turnir cədvəlində mövqeyi elədi ki, qələbə üçün oynayacaq. İndiki vəziyyətdə bir qələbə yaxşı olardı ki, həm komandaya ruh yüksəkliyi gətirsin, həm də turnir cədvəlində irəliləyiş. Ancaq çempionatımızda görürük ki, hər komanda bir-birini uda bilir, demək olar hamı xal itiririr. Biz də son 2 turda məğlub olmuruq, 1 xal da olsa qazanırıq. Futbolçulara da onu aşılamaq istəyirəm ki, bunu qazanc qəbul edin. Çünki biri var heç bir qazancın yoxdu, biri də var aktivinə 1 xal yazırsan. Bundan möhkəm tapışıb irəli baxmaq, daha çox çalışmaq laızmdı".

Qeyd edək ki, "Keşlə" bu çempionatda hələ məğlub edə bilmədiyi "Səbail"lə ilk dövrədə məhz "ASCO Arena"dakı matçda Rəhman Hacıyevin qoluyla hesabda irəlidə olsa da, məhz qış transferi Bahadur Həziyevin bərabərlik qoluya qələbəni əldən verdi. 

 

MEHMAN SÜLEYMANOV