"Bədavinin durumu bəllidi - elə bir zədədi ki, 6 aydan tez komandaya qoşula bilməz. Daha ehtiyatlı olmaq üçün 7 aydan sonra tam hazır şəkildə sırf oyuna çıxa bilər. Ancaq elə də olur ki, bu proses fərqli gedir. Ona görə ki, orqanizmdən orqanizmə fərq var. Orqanizm daha yaxşıdırsa, 6,5 aydan sonra oynaya bilər. Bu zaman da ona gəlir ki, Bədavi yanvarda qış təlim-məşq toplanışımızda komandaya qoşula bilər. Oynaması isə hazırlığından asılı olacaq ki, həmin vaxta hansı səviyyəyə gəlib çıxacaq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.
Komandasındakı zədəli futbolular haqda məlumat verən təcrübəli mütəxəssisin əsas problemləri müdafiə xəttiylə bağlıdı. Məlumdu ki, Bədavi Hüseynovla Elvin Cəfərquliyev ciddi zədələnərək əməliyyat olunublar və hələ də komandaya kömək edə bilmirlər. Bədavidən həm yaşca xeyli kiçik, həm də zədəsi belə ağır olmayan Elvin son 3-4 məşqdə komandaya hissə-hisə qoşulmağa başlayıb. Qurbanov hələ ki adı oyunları daxil edilməyən 22 yaşlı Cəfərquliyevin komandayla bəzi məşq hərəkətlərinə qoşulduğunu vurğulayıb: "Hər zədənin öz vaxtı, müddəti var. Elvinə qayıdışı üçün 3-4 ay arası demişdilər. Yəqin, qarşıdakı oyundan sonra sırf komandayla hazılrığa qoşulmağa başlayacaq, matçlara sifariş olunacaq. Ola bilər ki, ehtiyatlanaraq ondan "joker" kimi istifadə edəcəyik. Demək olar ki, komandaya yaxınlaşır".
"Qarabağ"ın daha bir zədəli müdafiəçi isə Rahil Məmmədovdu və o artıq son turlarda ehtiyatda olur. Sadəcə, məsələ onaddır ki, 26 yaşlı ucaboylu bu mərkəz müdafiəçisi az oynayır, daha çox məşqdə zədələnir. Qurbanovdan bu maraqlı məqam haqda da soruşduq: "Bilirsiniz, insan orqanizmi fərqlidi. Rahli əməliyyat etdirdik, çünki zədəsi xroniki idi. Bəlkə biz özümüz də bir məşqçi olaraq məsuliyyətsizlik elədi ona. Mərkəz müdafiəçisinə ehtiyacımız vardı, deyirdik ki, hansısa matça ağrkəsici iynəylə oynaya, kömək edə bilər. Çünki arxa xətdə problemlərimiz vardı, deyrdik ki, Rahil bu oyunda oynasın, bu oyunda ehtiyatda olsun, lazım olsa sonra meydana çıxa bilər. Nəticədə gecikdirdik və bu müddət zədəylə bağlı vəziyyətini pisləşdirdi. Onsuz da əməliyyat olunmalı idi, bunu eləsəydik, vəziyyət fərqli olardı".
49 yaşlı çalışdırıcının sözlərinə görə, Məmmədovun zədəsi elədi ki, 100 futbolçudan bəlkə 2-3-də olur: "Dərində ola bir zədədi, tibbi cəhətdən tam çatdıra bilmirəm sizə. Belə deyək ki, sanki heç nə yoxdu, ancaq günboyu sənə narahatlılıq verir, hər məşqdə bunu görürsən. Zədənin sağalmasını tezləşdirməyəndə başlayır kəskinləşməyə və sonda əməliyyat olur. Rahil artıq tam qoşulub komandaya, hətta hazırkı fasilədə əvəzedicilərimizlə matçda oynamağa da başladı. Əlbəttə, zaman olaraq çox buraxdı. Avstriyada toplanışında 2-ci məşqimizdə zədələndi, tələsikdik onu heyətə qoymağa. Çünki başqa variantmız yox idi. Düzdür, sonra Qara Qarayevi qoyduq müdafiənin mərkəzinə, ancaq istəmirdik oyun planında çox dəyişiklik edək. Bu cür hazırlaşmalı idik, Rahili qoruyub saxlayırdıq, oynatmaq riskli idi. Düşündüyümüz, qorxduğumuz sonda başımıza gəldi meydanda zədələnməsiylə. Bu, "Aşdod"la İsraidəki cavab matçında idi. Bildiyiniz kimi, bu rəqiblə Bakıdakı görüşdə Maksim Medvedev qırmızı vərəqə alaraq cəzalı oldu. Həmin vaxt başqa seçimimiz, variantımız da yox idi, məcbur olduq Məmmədovu oynadıq. Onda zədə tam üzə çıxdı və əməliyyat elədik".
Onu da bildirək ki, "Qarabağ"da daha bir ciddi zədəli ispaniyalı legioneri Xayme Romerodu. O, bu mövsümün əvvəlində - "Bazel"lə Konfrans Liqasının Bakıdakı qrup mərhələsi matçında sıradan çıxdı və artıq Vətənində əməliyyat olunub. Bədavi kimi Xayme də zədəsinin sağalması üçün ən azı 6 ay gözləməli olacaq. Bu isə o deməkdi ki, 31 yaşlı sağ cinah yarımmüdafiəçisi ən yaxşı halda gələn ilin martında komandayla tam hazırlıq keçə bilər.
MEHMAN SÜLEYMANOV