"Qarabağ" heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

 

Təcrübəli mütəxəssis yeni futbolçuların transferi üzərində işlədiklərini bildirib:

 

"Axtarışlarımız davam edir. Heyətə yeni futbolçular cəlb etmək istəyirik. İnanıram ki, istədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik".

 

Qurbanov "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin psixoloji durumuna da toxunub. O, polşalı qolkiperin vəziyyətinin normal olduğunu və futbolçunun tənqidlərə hazır olmalı olduğunu qeyd edib:

 

"Koxalskinin psixoloji vəziyyəti qaydasındadır. Ümumiyyətlə, tənqidləri qəbul etməliyik. Hətta uduzduğumuz oyunlarda belə bizi bəzən alqışlayıblar. Koxalski ÇSKA ilə Sofiyadakı oyunda sadəcə penaltilər seriyasında kömək edə bilmədi. Oyunlardakı çıxışı qənaətbəxş idi, narazı qalmadım. Məğlub oluruqsa, tənqid də olunmalıyıq".

 

"Qarabağ"ın baş məşqçisi yeni mövsümdə Azərbaycan Premyer Liqasındakı rəqabətlə bağlı da fikirlərini bölüşüb:

 

"Növbəti çempionat daha gərgin keçəcək. Daha səliqəli və diqqətli hazırlaşmalıyıq. Amma hələ avrokubokları düşünürük".

 

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" qarşılaşması avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da keçiriləcək. Komandalar arasındakı cavab oyunu isə avqustun 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.