"Turan" voleybol klubunun prezidenti, "Turan Tovuz" futbol klubunun İdarə Heyəti sədrinin müavini Həsən Zeynalovun Sport24.az-a müsahibəsi

- Voleybol komandasının avrokuboklara hazırlığı necə keçir? Klub son günlər heyətinə yeni oyunçular qatır. Beynəlxalq arenada məqsəd nə olacaq?
– Çempionlar Liqasında çıxış edəcəyik və bu turnirin qrup mərhələsində mübarizə aparmaq istəyirik. Transferlərimiz də bunun üçün edilir. Hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır.

- Oyunlarınızı Tovuzda, yoxsa Bakıda keçirəcəksiniz?
- Müəyyən texniki məsələlər var ki, onları həll etməyə çalışırıq. CEV-in müəyyən qaydaları var. Təsnifat mərhələləri üçün 1500 azarkeş tutumuna malik zal istəyirlər. Tovuzdakı Olimpiya Kompleksində yenidənqurma işləri davam edir. Həmin tutumu təmin etməyə çalışırıq. Bunu həll edəcəyik. Sadəcə, qrup mərhələsini də düşünürük. Oyunları Tovuzda keçirmək üçün CEV-ə müraciət etməliyik. Çalışacağıq ki, bütün qarşılaşmaları Tovuzda keçirək.

- Qərb bölgəsi futbolu sevdiyi qədər voleybolla da məşhurdur. Tovuz ötən mövsüm çempion oldu. Növbəti məqsəd nədir?
- Qərb komandası Çempionlar Liqasının qrup mərhələsinə düşsə, bu bölgədə voleybolun inkişafına töhfə verəcək.

- Çempionluqdan sonra hansısa təzyiq hiss edirsiniz?
- Xeyr. Baş məşqçiyə də bildirmişəm ki, üzərimizdə basqı olmamalıdır. İlk ilimizdə bacardığımız qədər nailiyyət əldə etmişik. İndi Avropada mübarizə aparacağıq. Orada məsələ tam fərqlidir. Heç kim bu turnirlərə təsadüfi gəlmir. Orada bizi çətin qarşılaşmalar gözləyir. Biz də çətinliyi sevirik. Çətin olmayan şeyin dadı olmur.

- Sizin voleybolla bağlı planlarınız uzunmüddətlidirmi? "Turan" fəaliyyətini nə qədər davam etdirə biləcək?
- Mən icraçı və idarəçiyəm. Qismət olsa, özüm nə vaxtsa bu məsələlərə şəxsən qərar versım, bu sualınızı onda dah dəqiq cavablandıraram. İdman elə olmalıdır ki, hərtərəfli dəstək alsın və dayanıqlı olsun. Bizim əsas və köməkçi sponsorlarımız var. Ölkə xaricindən də sponsor təklifləri olur. Danışıqlar aparılır, bəzən şərtləri uyğunlaşdıra bilmirik. Şəxsi fikrimi bilmək istəyirsinizsə, mən bu klubun çox dayanıqlı olması üçün çalışacağam. "Turan"a uzunömürlü olmaq yaraşır.

 

- "Turan Tovuz" futbol klubunda vitse-prezident təyin olunmağınız hansı zərurətdən yarandı?
- Təyinatdan əvvəl belə söhbətimiz olmamışdı. Burada zərurət də görmürəm. Klubda məndən əvvəl də hər şey yüksək səviyyədə idi. Ehtiram Quliyev dəvət etdi və bunu böyük sevinclə qarşıladım.

– Voleybolda, yoxsa futbolda biliyinizin çox olduğunu düşünürsünüz?
- Voleybolda bir ildir ki, fəaliyyət göstərirəm. Azərbaycan futbolunu isə demək olar ki, 20 ilə yaxındır izləyirəm.

- Komandaya yeni sponsorun cəlb olunmasında rolunuz varmı?
- Ehtiram Quliyev məni bu vəzifəyə təyin edəndə öz təkliflərimi irəli sürmüşdüm. Təklifim qəbul olundu. Burada müəyyən rolum olub.

- Ehtiram Quliyev sponsorluq məbləğini açıqladı. Voleybol klubunda büdcə nə qədərdi?
- Aşağı-yuxarı eynidir.

– Voleybol və futbol klublarının bir bayraq, "Turan" adı altında çıxış etməsi gündəm də deyil?
- Ehtiram müəllimin, mənim və sponsorların da fikri məhz budur. "Turan"ı İdman Klubu kimi formalaşdırmaq niyyətindəyik. Bunun tərkibində bütün idman növlərində iştirak etmək istəyirik.

- Futbola gəlişiniz voleybola diqqətinizi azaldacaq?
- Xeyr. Belə şey ola bilməz. Voleybolda qazandığımız uğur bizi futbola gətirdi.

- Yəqin razılaşarsınız ki, futbolda uğur qazanmaq daha çətindir?
- Voleybolda əldə etdiyimiz nailiyyətə futbolda çatmaq çox çətindir. Bunu anlayırıq. Amma boş dayanmaq istəmirik. Şəxsən mənim arzumdur ki, voleybolda əldə etdiyimiz uğura futbolda da yiyələnək.

- Voleybol komandası ilə çempionluq sevinciniz xoş qarşılandı. Sonradan görüntüləri izlədinizmi?
- O görüntülərdən xəbərim olmayıb, mənə sonradan göstəriblər. Bəlkə də çəkilişdən xəbərdar olsaydım, o qədər emosional olmazdım.

- "Turan" azarkeşlərinə nə demək istəyirsiniz?
- Komandaya inanın və güvənin. Bəzi məsələlər çöldən rahat görünür. Amma o qədər də asan deyil.