Türkiyənin "Boluspor" klubuna keçən Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadənin Sport24.az-a müsahibəsi

– İlk olaraq keçidlə bağlı təəssüratlarınızı almaq istəyirdik. Transfer necə baş tutdu?
– Bu məsələ gündəmdə var idi. Bir aya yaxın danışıqlar getdi. Elə oldu ki, indi alındı. Danışıqlarımız müsbət yekunlaşdı.

– Daha əvvəl legioner həyatı yaşasanız da, Türkiyədə ilk təcrübəniz olacaq. Qardaş ölkədə çıxış etmək necə hissdir?
– Makedoniyada da oynamışam. Buranın mentaliteti və dili bizimlə eynidir. Bu səbəbdən Türkiyə mənə daha doğmadır.

– Daha əvvəl "Boluspor"da digər azərbaycanlı futbolçular da oynayıb. Kimdənsə məsləhət aldınızmı?
– Əlbəttə. Bu komandada oynamış futbolçularla da danışdım. Onlar da xoş sözlər dedilər, təriflədilər. Müsbət rəy verdilər. Buraya gəlməyimdə onların da rolu oldu.

– Toral Bayramov "Bursaspor"a, Nəriman Axundzadə "Erzurumspor"a keçdi. Türkiyədə birdən-birə azərbaycanlı futbolçulara maraq artdı. Səncə, səbəb nədir?
– Azərbaycanlıların burada olması öz ölkəmizin futbolu üçün yaxşıdır. Biz özümüzü nə qədər yaxşı göstərə bilsək, həmyerlilərimizin buraya gəlmək şansı da bir o qədər artar. Biz tək özümüz üçün yox, bütün azərbaycanlılar üçün oynayacağıq. Bu səbəbdən özümüzü yaxşı tərəfdən göstərməliyik.

– 34 yaşınız var və legioner həyatı yaşamağı seçdiniz. Yerli və gənc futbolçulara nə məsləhətlər verərdiniz?
– Futbolda yaş çox da rol oynamır. Komandada məndən başqa da bu yaşda olan legioner futbolçular var. Azərbaycanlı gənc futbolçular maddi tərəfə baxmadan ölkə xaricinə, Avropaya yollanmalıdırlar. Düşünürəm ki, bu, onlar üçün yaxşı təcrübə olacaq və inkişaflarına töhfə verəcək.