"Qarşımıza çempionluq hədəfi qoysaq, istəyimizə çatmadıq. Amma təslim də olmadıq. Əks təqdirdə daha aşağı pillələrdə qərarlaşacaqdıq. Özümüzdə güc tapıb, sona qədər mübarizə apardıq və bu gün güclü "İmişli"ni məğlub etməklə mövsümü 3-cü pillədə başa vurduq. Mükafatçılar sırasında olmağımızı qənaətbəxş hesab edirəm". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK baş məşqçisi Qəzənfər Abbasov deyib.
Gənc mütəxəssis başa çatan mövsümü də dəyərləndirib: "Çempionata yaxşı başladıq. İlk dövrəni lider kimi başa vurduq. II dövrədə 2-ci, III dövrə isə 3-cü olduq. 3 hissəli çempionatda fərqli mövqelərə sahib olduq. Təbii ki, səhvlərimiz, çatışmazlığımız oldu. Bunun da nəticəsində çempionluq şansımızı itirdik. Amma mübarizədən qopmadıq. Bütün çətinliklərə baxmayaraq, yetirmələrim özlərini yaxşı tərəfdən göstərdilər, xarakter, əzm nümayiş etdirdilər. Uzun marafondan sonra 3-cü pillədə qərarlaşdıq. Futbolçularımla qürur duyuram. Çempion olmasaq da, çempionluğa layiq komandayıq. Mövsümboyu bizimlə birgə olan, komandanın "bürünc" qazanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. MOİK-də çalışdığım bir ili karyeramın hələ ki, ən uğurlu səhifəsi hesab edirəm".
Qeyd edək ki, I Liqanın son turunda "İmişli"yə 2:1 hesabı ilə qalib gələn ordu klubu mövsümü 3-cü pillədə başa vurub.
POLAD AZƏR