I Liqada Mövsümə uğurlu başayan komandalardan biri də MOİK-di. Qəzənfər Abbasovun çalışdırdığı komanda ilk turda “Difai Ağsu”nu, dünən isə Əsgər Abdullayevin çalışdırdığı çempionluğa iddialı “İmişli”ni məyus edib. Ordu klubunun baş məşqçisi Sport24.az-a müsahibəsində həm iki turu dəyərləndirdi, həm də bizi maraqlandıran sualları cavablandırdı.

- Baş məşqçisi olduğunuz komanda ardıcıl 2 oyundu ki, meydanı qələbə ilə tərk edir. “İmişli” üzərində qələbə xüsusi ilə diqqət çəkdi. Belə başlanğıc gözləyirdiz?

- Gözlədiyimizdən də yaxşı start oldu. Komanda hər iki oyunu qələbə ilə başa vurmaqla hamımımızı sevindirdi. Kollektivə güvənirəm və inanıram ki, növbəti oyunlarda da seriyanı davam etdirə biləcəyik. Məni narahat edən yeganə məqam heyətimizin kasad olmasıdı. Bu gün MOİK-də 16 futbolçu var. Bəzi istədiyimiz oyunçuları “rənglərimizə bağlaya” bilmədik. Buna baxmayaraq, yolumuza davam edəcəyik.

- Qeyd etdiz ki, istədiyiniz transferləri gerçəkləşdirə bilmədiz. Nə mane oldu?

- Bəzisi son anda fikrindən daşındı, eləsi də oldu ki, klubundan ayrıla bilmədi. II Liqanın yaranması da planlarımıza təsir etdi. Komandaya cəlb etdiklərimizin hamısı I Liqa səviyyəsi üçün yaxşı futbolçulardı. Düşərgədə artıq adam yoxdu. 

- Çempionat uzun marafondu. Bu heyətlə sona qədər gedə biləcəksiz? Bu uzun yolda zədələnən də olacaq, cəza səbəbindən oyunu buraxan da...

- Biz də bunu başa düşürük. Bu səbəbdən axtarırıq, danışıq aparırıq. O da düzdü ki, indiki məqamda boşda olan futbolçu tapmaq çətindi. Tapmasaq, yanvara kimi bu heyətlə yola davam etmək məcburiyyətindəyik.

- MOİK-in bir üstünlüyü var ki, hərbi xidmət yaşı çatmış perspektivli gəncləri düşərgəyə cəlb edə bilər. Bu imtiyazdan yararlanmırsız?

- Hələ ki, bizə hərbi xidmət keçən futbolçu gəlməyib. Amma siyahımızda 3 oyunçu var ki, yaxın vaxtlarda komandaya qoşulmalıdı. Onlardan 2-si təxminən bir həftəyə, 10 günə düşərgəyə təşrif buyurmalıdı. Hazırda hərbi xidmətdədilər. Onu da qeyd edim ki, hər 3-ü U-19-un üzvləridi. Sadəcə, indi ad çəkmək istəmirəm.

- Yerli futbolçu tapa bilmirsizsə, boşluğu legioner hesabına doldurmaq olar. Bu variantı nəzərdən keçirirsiz?

- Bu gün komanda da bir ukraynalı legioner var. Hələ ki, komandaya başqa legioner cəlb etmək barədə düşünmürük. 

- MOİK-in baş məşqçisi kimi I Liqada çıxış edən komandalardan məlumatlısız. Sizcə, Premyer Liqaya real namizəd hansı klubdu?

- Fikrimcə, liqada mübarizə aparan 10 klubdan 6-sı Premyer Liqaya iddialıdı. Demək olar, hamısı bərabər səviyyəli komandalardı. Hansı klubun elitaya yüksəlmək şansının daha çox olduğunu söyləməkdə isə çətinlik çəkirəm. Bir də onu nəzərə alın ki, çempionat yeni start götürüb, qarşıda bizi 3 dövrə gözləyir. 

- MOİK-in qarşısına qoyulan məqsəd?

- Qarşımıza sırf çempionluq məqsədi qoyulmasa da, mükafatçılar sırasında yer almağı düşünürük.

- Komandanın potensialı buna imkan verir?

- Əlbəttə, özümüzə inanırıq. Yenə təkrarlayıram, ehtiyat oyunçular skamyası bir qədər kasaddı. Yolunuz gözləyimiz 3 futbolçu da bizə qoşulsa, yanvarda heyəti bir qədər gücləndirib ilk “üçlük” üçün mübarizə apara bilərik.

- Kapitanınız Sabir Allahquliyev həm sizin komandanın şərəfini qoruyur, həm də çimərlik futbolundadı. Bu sizə problem yaratmır?

- Əslində problem yaradır. İki cəbhədə oynamaq, məşq etmək çətindi. İstəsək, istəməsək də yorğunluq hiss olunur. Futbolçunun özü də bunu hiss edir. Ancaq nə etmək olar? Bununla barışmalıyıq. Sabirin təcrübəsinə güvənirik.

 

RƏŞAD QASIMOV