Ceyhun Əliyev

 

Qəribə zəmanədə yaşayırıq. Rafaellə Coşqun futbol səhnəciyi yaradır və zala toplşan "n" sayda tamaşaçı qəhqəhə çəkib gülür. Digər qrup isə "Bu şəhərdə"nin hərəkətlərinin olduqca bayağı və bərbad olduğunu iddia edir. Ancaq məsələ burasındadı ki, kimlərdəsə ikrah hissi oyadan bu səhnəcik müəyyən qrupun ömrünü uzadır (axı, deyirlər gülüş insan ömrünü uzadır).

Qəribə zəmanədə yaşayırıq. Təhsil nazirimiz deyir ki, müəllimlər iş saatından asılı olmayaraq gələn ildən etibarən saat 16:00-dək məktəbdə iş başında olmalıdırlar. Bunun da səbəbini belə izah edir ki, pedaqoqların repetitorluğa vaxtı qalmasın və bütün diqqətlərini məktəb dərslərinə yönəltsinlər. Diqqət yetirin, demir ha, müəllimlərin məvacibini deputarlarla eyni səviyyəyə qaldırmalıyıq, adı uca tutulan sahənin insanlarına badalaq yolu göstərir. Ancaq burda da kimlərsə tapılır və deyir ki, "sağ olsun Emin müəllim".

Qəribə zəmanədə yqşayırıq. Millimiz seçmə mərhələdə 1 xal qazanır, Fransanın qapısına yol tapır, ancaq kimlərsə deyir ki, bunu əcnəbi məşqçi də bacarardı da… Diqqət yetirin, demir ha, azərbaycanlının göstərə biləcəyi nəticə ilə əcnəbinin nəticəsi eynidirsə, Santuşu neynirik, deyir ki… deyir da…

Qəribə zəmanədə yaşayırıq. Futbolçusu olmayan ölkənin baş məşqçisinin xaricdən gətirilməsini isrəyənlər var. Niyə, nöşün?..

Qəribə zəmanədə yaşayırıq. Sosial şəbəkələrdə söyüş, təhqir, tərbiyəsizlik baş alıb gedən cəmiyyətdə yaşamağa başlamışıq və bu istiqamət günü-gündən inkişaf edir. Belədə, "təməl düz deyil" ifadəsi tək futbola şamil edilə bilməz. Təməl həqiqətən düz deyil, ancaq bu sıralamada futbol sonuncu yerdədi. Təhsil, səhiyyə, tərbiyə düzəldikdən 10 il sonra tibb, hüquq, mədəniyyət, incəsənətimiz düzələcəyini gözləməli, bundan da 10 il sonra futbolun düzəlməsinə ümid edə bilərik.

Dünya həmin dünyadı, zəmanə həmin zəmanə deyil, cənablar…