"Sumqayıt" klubu Emil Mustafayevin transferini rəsmiləşdirmək istəyərkən gözlənilməz problemlə üzləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" Ukraynanın "Polesye" klubundan icarəyə götürdüyü futbolçu ilə tamhüquqlu müqavilə bağlamaq barədə razılıq əldə edib.

Lakin transferin rəsmiləşdirilməsi prosesində ciddi maneə yaranıb.

Belə ki, Ukrayna təmsilçisi Mustafayevin müqaviləsinə xitam verilməsi üçün onun şəxsən ölkəyə gəlməli olduğunu bildirib. Klubun mövqeyinə görə, futbolçu əvvəlcə "Polesye" ilə münasibətlərinə rəsmən son qoymalı, daha sonra Azərbaycana qayıtmalıdır.

Problem ondadır ki, Ukrayna Emil Mustafayevin ölkəyə səfəri müəyyən risklər yaradır. Mövcud vəziyyət, müharibə nəzərə alınaraq, futbolçunun Ukraynaya daxil olacağı təqdirdə ölkədən yenidən ayrılmasında çətinliklərlə üzləşə biləcəyi ehtimal edilir.

Bu səbəbdən "Sumqayıt" qarşı tərəfdən futbolçunun Azərbaycana maneəsiz qayıdacağı ilə bağlı zəmanət tələb edir. Lakin "Polesye" rəhbərliyi bu məsuliyyəti üzərinə götürmək istəmir.

Nəticədə Sumqayıt təmsilçisi çıxılmaz vəziyyətlə üzləşib və hazırda problemin həlli üçün müxtəlif variantları nəzərdən keçirir.