"Heç şübhəsiz ki, çempionluğa oynayan komanda bütün matçlarda qalib gəlməlidir. Amma qızıl medal uğrunda təkcə "Səbail" deyil, "Karvan-Yevlax", "Şahdağ Qusar" və "Gəncəbasar" da mübarizə aparır". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in futbolçusu Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu komandasının geridə qalan turlarda çıxışını dəyərlədnirib:


"7 turda 12 xal toplamağımız bizi qane etmir. Çempionluq yolunda gözləmədiyimiz xal itkiləri ilə üzləşirik. Turnir cədvəlinin lideri "Şahdağ Qusar"dan 6 xal geridəyik. Ancaq düşünürəm ki, bu, böyük fərq deyil və istənilən an vəziyyəti dəyişə bilərik. Birinci Liqa çətin çempionatdır. Burada hər komanda digərindən xal ala bilər".

Əmirquliyev futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac olduğunu bildirib:

"Təbii ki, baş məşqçinin və kollektivin ötən illə müqayisədə 90 faiz dəyişməsi də öz təsirini göstərir. Futbolçuların bir-birinə və baş məşqçinin oyun sisteminə uyğunlaşması üçün zamana ehtiyac var. Dediyim kimi, çempionat hələ yeni başlayıb. Liderlə aramızdakı 6 xallıq fərqi aradan qaldırmaq elə də çətin deyil".

Qeyd edək ki, "Səbail" Birinci Liqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb.