"Qarabağ"ın futbolçusu Musa Qurbanlı jurnalistlərin suallarını cavablandırıb.

Sport24.az həmin müsahibəni təqdim edir…

– Misli Premyer Liqasının XI turunda evdə "Turan Tovuz"a məğlub oldunuz. Oyunla bağlı fikirləriniz necədir?
– Əlbəttə, məğlubiyyətə görə təəssüflənirik. Məqsədimiz qələbə qazanmaq idi, amma bunun asan olmayacağını bilirdik. "Turan Tovuz" son vaxtlar yaxşı formadadır. Turnir cədvəlinin ilk pillələrində qərarlaşan komandaların demək olar ki, hamısına qalib gəlmişdilər. "Neftçi" ilə heç-heçə etmiş, "Sabah" və "Zirə"ni məğlub etmişdilər. Buna görə də bizi çətin oyunun gözlədiyini anlayırdıq. Mübarizə apardıq, amma təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.

– Komandanın uğurlu çıxışı "Kəpəz"i də çempionluq mübarizəsinə qoşub. Bu, sizin işinizi nə dərəcədə çətinləşdirir?
– Bunu dəqiq deyə bilmərəm. Amma onsuz da işimiz asan deyildi. Mövsümün əvvəlindən çempionatın gərgin keçəcəyi bəlli idi. Çempionluğa iddialı komandaların sayı artıb, rəqiblərimiz güclüdür. Ona görə də mübarizənin çətin olacağını əvvəldən bilirdik. Yenə də çalışacağıq ki, vəziyyətdən çıxaq.

– Artıq üç oyundur qol vura bilmirsiniz. "Sabah", "Qəbələ" və indi də "Turan Tovuz"la matçlarda fərqlənə bilmədiniz. Səbəbi nədə görürsünüz?
– Dəqiq səbəb göstərə bilmərəm. Hər halda, qol vura bilməməyimizin arxasında müəyyən çatışmazlıqlar var. Yəqin ki, məşqçilərimiz oyunları təhlil edəcək, biz də bunun üzərində çalışacağıq. İnşallah, növbəti görüşdə qol vurmağa nail olarıq.

– Son dövrlərdə heyətdə daha az forma şansı qazanırsınız. Komandadan ayrılmağı düşünürsünüz, yoxsa karyeranızı burada davam etdirmək niyyətindəsiniz?
– Hələ çempionatın ortasıdır. Ona görə də bu barədə danışmağa dəyməz. Məşqlərdə çalışıram, üzərimdə işləyirəm. Meydana çıxmaq şansı qazandıqda komandaya maksimum fayda verməyə çalışıram.

– Təklif gəlsə, yanvarda komandadan ayrılmağı düşünərsiniz?
– Dediyim kimi, hələ çempionatın ortasıdır. Bu cür söhbətlərdən uzağıq. Ona görə də indidən bu barədə danışmağa dəyməz.

– Mövsümün sonuna qədər əsas hədəfiniz nədir?
– Əlbəttə, hədəfimiz çempionluqdur. İtirdiyimiz xallarla öz işimizi bir qədər çətinləşdirmişik. Ancaq sona qədər mübarizə aparacağıq və məqsədimizdən əl çəkməyəcəyik.

– Növbəti oyununuz "Kəpəz"ə qarşı olacaq. Qarşılaşmadan gözləntiləriniz necədir?
– Əlbəttə, yenə də qələbə qazanmaq istəyirik. Nə qədər çətin vəziyyətə düşsək, xal itirsək də, hər oyuna qələbə üçün çıxırıq və bunun üçün əlimizdən gələni edirik. Bəzən nələrsə çatışmır, futbolda belə hallar olur. Hazırda edə biləcəyimiz yeganə şey səhvlərimizdən nəticə çıxarmaq, məşqlərdə çalışmaq və növbəti oyunlarda maksimum nəticə göstərməkdir.

– Komanda artıq 4 oyundur xal itirir. Bunun səbəbini nədə görürsünüz?
– Hazırda konkret bir səbəb göstərmək çətindir. Təbii ki, bunun müəyyən səbəbləri var. Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir. Onlar oyunları analiz edəcək, biz də səhvlərimizdən nəticə çıxarıb üzərimizdə çalışacağıq.