"Qəbələ"nin yay fasiləsində yollarını ayıracaq futbolçuların sayı bu gün açıqladığı 9 nəfərlə kifayətlənməyəcək. Bu haqda Sport24.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib. 

Onun sözlərinə görə, gedən oyunçuların məsələsində sön nöqtəni qoymayıblar və davamı olacaq: "Bu, dəqiqdi ki, bəzi futbolçularla siyahı davam edəcək. Hansılarla artıq qərar verilib ki, müqavilə uzadılmayacaq, onların adlarını rəsmən açıqladıq. Keçən mövsümkü heyətimizdən 3 legioneri saxlamaq fikrimiz var. Ancaq necə olacağını hələ bilmirik".

Bu 3 legionerin müdafiəçilər - xorvatiyalı Venko Medimoreçlə albaniyalı Yurgen Qoxa və monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviç nəzərdə tutulduğunu düşünə bilərik. Maraqlıdı, bu gün açıqlanan siyahıda braziliyalı vinger Rafael Utrix yoxdu. Hansı ki, o da "Qəbələ"nin aparıcı futbolçusudu, sadəcə,  məvacibi yüksək olduğundan saxlamaq çətindi. Əzizovun sözlərinə görə, Utrixin məsələsində də hələ son nöqtəni qoymayıblar: "Saxlamaq istədiyimiz legionerlər arasında Rafael də var. Görək danışıqlar necə yekunlaşacaq - onu gözləyək".

Xatırladaq ki, "Qəbələ" yeni mövsümə hazırlığa bu ayın sonunda doğma məkanda başlayacaq. 

 

 

MEHMAN SÜLEYMANOV