Bu gün Konfrans Liqasında "Qarabağ"ın yer aldığı H qrupunda mübarizə başlayır. İlk turda "Qarabağ" "Bazel"i, "Kayrat" "Omoniya"nı qonaq edəcək. Qazaxıstanın ən tanınmış saytlarından olan Sports.kz-dan təcrübəli həmkarımız Aleksandr Strelnikov Sport24.az-a qrupla bağlı ümumi düşüncələri bölüşüb: "Düzünü desəm, əlamətdar hadisədi ki, nəhayət, Qazaxıstan və Azərbaycan futbolda milli komandalar səviyyəsində deyil, klublarla Avropa yarışlarında qarşılaşacaq. "Qarabağ" əla bir layihədir, həmişə onu izləyirəm və bu günə qədər ona azarkeşlik etmişəm. Amma indi vəziyyət başqadır. Üzr istəyirəm azərbaycanlı qardaşlar - burada, əlbəttə ki, "Kayrat"a azarkeşlik edəcəm. Qrupumuzun favoritinin "Basel" olduğu aydındı, vəssalam. İkincinin kim olacağına qərar vermək qalır. "Kayrat", "Qarabağ", yoxsa "Omoniya"? Bilmirəm. Hamısının güclü və zəif tərəfləri var".

Strelnikov öz təmsilçisiylə Ağdam klubunun təcrübəli baş məşqçilərinin müqayisəsini belə aparıb: "Kurban Berdıyev haqqında soruşdunuz - bəli, əzəmətlidi. Yəqin ki, kağız üzərində. Amma - Qurban Qurbanov ... Bəlkə o, daha əzəmətlidi. O, neçə il ardıcıl komandasını avrokuboklarda qrupa çıxardl. Əmin deyiləm ki, hazırkı anda Berdıyev Qurbanovdan daha əzəmətlidi".

Qazaxıstanlı həmkarımızın fikrincə, futbollarımızın klub səviyyəsində müqayisəsini aparmaq çox maraqlı olacaq: "Düzünü desəm, həmişə çempionatınızın daha zəif olduğunu düşünürdük. Və təbii ki, siz də əksini fikirləşirdiniz. Baxarıq. Milli komanda səviyyəsində qarşılaşmalar birmənalı deyildi".

Maraqlıdı, "Kayrat"ın güclü və zəif tərəfləri hansılardı? Həmsöhbətimizi dinləyək: "Bağışlayın, "Kayrat" ın zəif tərəflərini sizə açmayacam. Bunu özünüz tapacaqsınız. Qurbanov əla məşqçidir, bunu anlayacaq. Hər şey onsuz da göz qabağındadır. "Qarabağ" haqqında da çox danışmayacam. Bu komandanın oyununu bəyənirəm, vəssalam!  "Kayrat" da indi aşkarı lideri Vaqner Lavdı. Bəli, yaşlıdı, ancaq onu saxlaya bilərsinizmi?! Bax, bunu bacarsanız, "Qarabağ" ın "Kayrat"ı üstələmək şansı olacaq. Vaqnerlə məşğul olmaq lazımdı. Ümumiyyətlə isə kimin güclü olduğuna qoy, meydança və top qərar versin. Qarşılaşma maraqlı olacaq. Belə dueli çoxdan gözləyirdim"

 

MEHMAN SÜLEYMANOV