"Baş məşqçi qərar verirsə, deməli, nəyisə bilir, belə edir. De Byazi deyib ki, Qara milliyə çağırılmamasının səbəbini özü bilir. Aralarında nə olub - bilə bilmərik ki, nədi-nə deyil". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycanın tanınmış məşqçilərindən olan Yunis Hüseynov deyib.

Millimizin vitse-kapitanı olan Qara Qarayevi italyan baş məşqçi Canni de Byazinin son 2 matça - UEFA Millətlər Liqasında Slovakiyayla səfər, Qazaxıstanla ev oyununa çağırılmamasını şərh edən təcrübəli mütəxəssisin fikrincə, bu yarımmüdafiəçiyə dəvət göndərilsəydi, daha məqsədəuyğun olardı: "Qaranı çağırsaydı, milli komandaya xeyri dəyərdi. Çünki təcrübəli futbolçudu, neçə illərdi millidə oynayır, "Qarabağ"ın əsas heyət üzvüdü. Həm klubda, həm millidə kapitan da olur. O nöqteyi-nəzərdən bunu deyirəm. Oynatmayacaqsansa belə, yenə çağırmaq lazım idi ki, motivasiya verə bilərdi, sözünə qulaq asardılar. Baxmayın, nə qədər olmasa da, təcrübəli futbolçular komanda yoldaşlarına motivasiya verə bilirlər. Qarayevi meydana buraxmasan belə, dediyim şeylərdə üstünlüyü var idi. Amma nəyə görə çağırmadığını dəqiq deyə bilmərəm. Komandanın baş məşqçisi var, o, belə məsləhət bilib, ona görə çağırmayıb. Bir də ki, millidə nə olub, onu deyə bilmərik. Bunu nə sən bilirsən, nə mən".

Qaranı çağırıb oynatmamaq bir təcrübəli futbolçu, vitse-kapitan kimi onu psixoloji cəhətdən "sındıra" bilər. Belə olan halda, təcrübəli futbolçunu ümumiyyətlə, çağırmamaq daha məqsədəuyğun deyil? Hüseynov bu fikirlə razılaşmır: "Nə olsun ki Qaranın 30 yaşı var, oynamır? 34 yaşlı futbolçular ehtiyatda otururlar. Nə olsun ki? Milliyə çağırlmasansa, bu, o demək deyil ki, yüzdəyüz oynamalısan. Qara kimi nə qədər futbolçu dəvət olunub. Meydanda 11 nəfər oynayır, amma 25 nəfər çağırılıb. Hamısı oynamır ki - 11-i oynayır. Qara kimi başqası da ehtiyatda oturur, oynamaya bilər. Bu, onlara da təsir edə bilər. Mənə elə gəlir ki, orda təsir ediləsi bir şey deyil. Bu, milli komandadı, elə-belə şey deyil. Klub deyil ki, deyim, ora çağırmadılar, oynamadı. Bu, milli komandadı, oynamasan, nə olasıdı ki? Heç bir problem yoxdu". 

 

 

 

MEHMAN SÜLEYMANOV