"Çox stressli oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz qələbə qazanıb 2-ci yeri təmin etmək, "Turan Tovuz" isə qalib gələrək üçüncülük mübarizəsini davam etdirmək istəyirdi. İlk dəqiqələrdən meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründü. 15-20 dəqiqə sonra yavaş-yavaş oyunumuzu bərpa edib, oyunu bərabərləşdirdik. İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur. Qırmızı vərəqədən sonra meydanda tam başqa futbol getdi. Bizə mübarizə aparıb, hesabı qorumaq qalırdı. O dəqiqələrdə futbolçularda amansız mübarizə aparırdılar. Sona qədər inanırdılar, inamlı idilər ki, qol buraxmayacağıq. Amma bilirik ki, "Turan Tovuz" üstünlükdən yaxşı istifadə edən komandadır. Uzun hava ötürmələri, ikinci toplarda da həmçinin. O komponentlərdə də rəqibə uduzmayaraq, vacib qələbə qazanaraq ikinci yeri tutduq. Bu münasibətlə azarkeşlərimizi, futbolçularımızı, klub rəhbərliyini ürəkdən təbrik edirəm. Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi. Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir. Bu mövsüm bizim üçün daha çətin keçirdi, rəqiblər bizə qarşı daha fərqli oynayırdılar. Şükürlər olsun ki, bu yükün öhdəsindən gəldik. Avrokuboka 2-ci yerlə gedirik. Bu bizi çox sevindirir. Bütün sezonboyu göstərdikləri əzmkarlıq və peşəkarlığa görə, futbolçularıma təşəkkür edirəm. Çox əziyyət çəkirdik. Elə oyun olurdu ki, futbolçumuzun burnu qırılırdı, almacıq sümüyü qırılırdı, çoxsaylı zədələr olurdu. Çətinliklərə baxmayaraq, komandada daim iradə və nəticəyə doğru irəliləyən kollektiv görürdüm. Allaha şükürlər olsun ki, sonda istəyimizə nail olduq". Sport24.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasında 33-cü turda "Turan Tovuz" üzərində qazanılan (1:0) qələbədən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

 

- Artıq 2-ci yeri təmin etdiniz. Bundan sonrakı oyunlarda rotasiyalar görəcəyik?

Mütləq şəkildə. Bundan sonrakı müddət avrokuboklara hazırlıq olacaq. Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanları bir az dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq. Avrokuboklara 1-ci, yoxsa 2-ci mərhələdən başlayacağımız artıq kubokun finalından asılıdır. Ya biz, ya da "Sabah" Avropa Liqasına gedəcək. Hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda Avropa Liqasında ölkəmizi təmsil etməyə layiqdir. Şəxsən mənim üçün ən vacib olan ikincilikdir. "Qarabağ" kimi komandanın yer aldığı çempionatda ardıcıl iki il 2-ci yeri tutmaq vacibdir. Çox ciddi rəqabət getdi. Qış fasiləsindən sonra stabil oynayan, nəticə qazanan komanda idik və sona üç tur qalmış nəticə həll oldu. Amma tam başqa cür də ola bilərdi. Bu mövsüm 2-ci yer bizim üçün uğurdur. 3-cü yer də bizim üçün uğur idi. Kuboku da qazana bilərdik. Amma 2-ci yerin dadı tam başqadır.

 

- Demək olar ki, indiki məqamda əsas məsələ güclənmək yox, hazırkı heyəti qoruyub-saxlamaqdır?

- Bu heyətlə bağlı ciddi təhlükə yoxdur. Çünki əvvəlcədən işimizi görmüşük. Demək olar ki, bütün futbolçuların müqaviləsi var. Bəlkə 1-2 futbolçuya daha ciddi çempionatlardan ciddi təklif olar. Ola bilsin ki, elə ayrılıqlar olsun. Amma ümumən kollektivi qoruyub-saxlaya biləcəyik. Çünki hər bir futbolçunun müqaviləsi var.

 

- "Qarabağ" ölkə kubokunun finalında "Sabah"ı məğlub edərsə, "Zirə" Avropa Liqasına yollanacaq. Bunu istəyirsiz?

 - Xeyirlisi olsun. Mən hər zaman xeyirlisini istəmişəm. Hər klub Avropa Liqasında oynamaq istəyər. Çünki ən azından bir məğlubiyyət imkanın olur. Amma ümumən götürsək, biz bilmirik ki, hansı turnirdə qarşımıza hansı rəqib çıxacaq. 

 

- İndidən avrokuboklarda məqsədiniz bəllidir?

- Bu gün 2-ci yeri təmin etdik. Ötən turda 3-cü yeri təmin etmişdik. Rəhbərliklə bu barədə söhbətimiz olmayıb. Bütün fikrimiz çempionata yönəlmişdi. Bundan sonra görüşəcəyik, danışacağıq, plan tutacağıq. Hər bir klub kimi, biz də imkan qədər çox mərhələ keçmək istəyirik. Necə alınacağını zaman göstərəcək.