Premyer Liqaya vəsiqə qazanan "Şəfa" yeni mövsümə hazırlığın ikinci mərhələsini ölkə xaricində keçirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi təlim-məşq toplanışını Gürcüstanda davam etdirmək variantını dəyərləndirir.
Hazırda Bakıda hazırlıq keçən klub yaxın günlərdə bu məsələ ilə bağlı yekun qərarını verəcək. Mənbənin bildirdiyinə əsasən, Qəbələdəki otellərdə boş yer olmadığı üçün komanda planlarını dəyişmək məcburiyyətində qalıb.
Əgər Gürcüstan variantı reallaşmasa, "Şəfa" yalnız yoxlama oyunları keçirmək məqsədilə Qəbələyə yollanacaq.
Qeyd edək ki, komanda hazırda təlim-məşq toplanışını Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında davam etdirir.