İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç 2026-cı il dünya çempionatının 1/8 finalında Norveçin Braziliya üzərində qazandığı qələbəni dəyərləndirib. Sport24.az xəbər verir ki, hazırda "Fox Sports" kanalında ekspert kimi çalışan İbrahimoviç Norveç millisinin oyununu yüksək qiymətləndirib, Braziliyanın çıxışını isə tənqid edib:
"Ac aslan ovunu yeyər. Bu Norveç millisi mənə 1994-cü il dünya çempionatındakı İsveç yığmasını xatırladır. Görək onlar da həmin komanda kimi irəli gedə biləcəklərmi? Hekayələr çox oxşardır və bunun necə davam edəcəyini izləmək maraqlıdır".
İbrahimoviç Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisinin turnir boyu ümidləri doğrultmadığını xüsusi vurğulayıb:
"Braziliya ilk oyundan bəri məni heç vaxt inandıra bilmədi. Karlo Ançelottinin etdiyi dəyişikliklər nəticə vermədi, Stole Solbakkenin qərarları isə öz bəhrəsini verdi. Elə bil 'jogo bonito'nu (gözəl oyun) Norveç oynayırdı, Braziliya yox. Braziliya sadəcə küləyin ritminə uyğun hərəkət edirdi".
Sabiq ulduz Norveç seçməsinin qol maşını Erlinq Haaland haqqında da iddialı danışıb:
"Matçdan əvvəl də demişdim ki, Haaland diqqətlə izlənilməli futbolçudur. İndi vikinqlər növbəti mərhələyə yüksəlib və biz onun oyunundan həzz alırıq. Haalandın qolsuz keçirdiyi matç olacaq? Hazırda buna inanmıram".
Qeyd edək ki, Norveç Braziliyanı məğlub edərək tarixində ilk dəfə dünya çempionatının 1/4 finalına yüksəlib. Skandinaviya təmsilçisi növbəti mərhələdə İngiltərə millisi ilə qarşılaşacaq.