Milli komandaların oyunlarına görə yaranan fasilə ötən həftə başa çatdı. 12 günlük fasilədən sonra Premyer Liqada mübarizə durduduğu yerdən davam etdi. II dövrənin ilk turunda "Neftçi"nin mövsümdə ilk qələbəsini qazanmasından başqa demək olar, diqqət çəkən xüsusi məqam olmadı.

 

"Kəpəz" – "Qarabağ" 0:5

IX turda "Neftçi"ni məğlub etməklə sensasiyaya imza atan autsayder "Qarabağ"la görüşdə möcüzə edə bilmədi. Oyundan öncə əksəriyyət "Kəpəz"in Ağdam təmsilçisinə böyük hesabla yeniləcəyini söyləyirdi ki, ehtimallar özünü doğrultdu. Gəncə klubu ilə görüş Qurban Qurbanovun komandası üçün "Ayaks"la matçdan öncə yaxşı məşq oldu.

 

"Şamaxı" – "Araz-Naxçıvan" 0:1

Hər iki komanda I dövrədə qənaətbəxş çıxışla yadda qalmışdı. Çoxları mövsümün startı ərəfəsində "şirlər"i autsayder gözündə görsə də, Ayxan Abbasov növbəti dəfə sıfırdan komanda qurmağı bacardığını nümayiş etdirdi. Elmar Baxşıyevin baş məşqçisi olduğu Naxçıvan klubu da ilk dövrəyə möhürünü vuran kollektivlər arasında oldu. Ötən şənbə Şamaxıda baş tutan görüşü iki istedadlı məşqçinin taktiki savaşı  kimi də dəyərləndirmək olar. Etraf etmək lazımdı ki, qonaqların heyətində fərdi ustalıq baxımından daha səviyyəli futbolçular yer alıb ki, bu da özünü göstərdi. Meydan sahibləri minimal hesabla yenilməyinə baxmayaraq, rəqibdən heç pis təsir bağışlamadıl. Matçın son dəqiqələrində isə müzakirəyə səbəb olacaq olay yaşandı. Top cərimə meydançasının daxilində İqor Ribeyronun əlinə toxunsa da baş hakim Fərid Hacıyev oyunu davam etdirərək, həmin an penalti olmadığını bildirdi.

 

"Neftçi" – "Səbail" 3:1

İlk dövrədə qələbə üzünə həsrət qalan "Neftçi"nin Samir Abasovun rəhbərliyi altında necə təsir bağışlayacağı maraqla gözlənilirdi.Qeyd edək ki, ilk dövrədfə bu komandalar arasında baş tutan görüş heç-heçə (1:1) başa çatmışdı.

Bu dəfəki qarşılaşmada "ağ-qaralar"ın qalib gələcəyi ilk dəqiqələrdən hiss olunurdu. Meydanda daha istəkli, qələbə acı olan "Neftçi" gördük. Bəli, qısa müddətdə Abasov komandaya yenilik gətirə bilməz. Ancaq "sükan arxasında" dəyişikliyin olduğu aşkar hiss olunurdu. Meydan sahibləri daha sürətli oyun nümayiş etdirərək, sonadək topa və oyuna nəzarəti  əlində saxladı. Şahin Diniyev və komandası daha böyük hesabla məğlub ola bilərdi. Ancaq Hüseynəli Quliyevin "çərçivə"də inamlı oyunu, gözəl seyvləri "dənizçilər"i darmadağından xilas etdi.

 

"Zirə" – "Sabah" 1:1   

Turnir cədvəlində qonşu olan komandaların duelində qalib müəyyənləşməyib. "Bayquşlar" erkən qolla hesabda önə çıxsalar da, əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə qapısında qol görüb və çox yaxın olduğu qələbəni əldən verib. "Qartallar" demək oilar 85 dəqiqə hesabda geri də olsa da, xarakter nümyiş etdirərək məğlubiyyətdən qaça bilib. Rəşad Sadıqovun oyuna müdaxiləsini xüsusi qeyd olunmalıdı. Məhz 72-ci dəqiqədə meydana çıxan Georgi Papunaşvili komandasına bərabərlik gətirən qolun müəllifi olub.

 

"Sumqayıt" – "Turan Tovuz" 2:4

Turun ən məhsuldar oyunu Sumqayıtda keçirilib. "Kimyaçılar" ilk "üçlük"də qərarlaşan "Turan Tovuz"u qəbul edib. Matça maraq qatan məqamlardan biri də həftəiçi Vaqif Cavadovun sumqayıtlıların baş məşqçisi təyin olunması idi.

Görüşün ilk dəqiqələri meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, qonaqlar toparlanıb nəinki oyunu bərabərləşdirə, hətta üstünlüyü də ələ ala bildilər. Kurban Berdıyevin komandası matçın taleyini ilk yarıda vurduğu 3 qolla həll etdi desək, yanılmarıq. Düzdü, fasilə ərəfəsində meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxmağı bacardı. Ancaq hamıya aydın idi ki, hazırkı "Sumqayıt" geridönüş edəcək gücdə deyil. Qərb təmsilçisi ilə matç göstərdi ki, qarşıda Vaqif Cavadovu çətin günlər gözləyir.