"Ötən mövsüm I Liqada yaxşı mövsüm keçirdim və Premyer Liqada oynamaq arzusu ilə çıxış edirdim". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in yeni transferi Kennet Kalunqa deyib.
29 yaşlı zambiyalı hücumçu Gəncə təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşüb:
"Transfer normal şəkildə baş tutdu. Mənə güvənərək "Kəpəz"ə gətirilməyimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Yeni mövsümə hazırlığımız normal davam edir. Bir neçə yoxlama oyunu keçirmişik. Hər kəs klub üçün 100 faizini verməyə hazırdır".
Kalunqa "Kəpəz"də daha çox qol vurmaq istədiyini vurğulayıb:
"Hücumameyilli futbolçu kimi hamımız komandaya qollarımız və məhsuldar ötürmələrimizlə kömək etmək istəyirik. Ümid edirəm ki, mən də "Kəpəz"ə mümkün qədər çox töhfə verə biləcəm".
Qeyd edək ki, Kennet Kalunqa ötən mövsüm "Mingəçevir"in formasını geyinib.