"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq qrupdakı rəqibləri dəyərləndirib. Sport24.az xəbər verir ki, ilk turda Qazaxıstanda "Kayrat"ın qonağı olacaq 52 yaşlı norveçli mütəxəssis Azərbaycan təmsilçisindən də söz açıb: "Bazel" yüksək səviyyəli komandadı. Bu yaxında Çempionlar Liqasında və Avropa Liqasında çıxış elədi. "Qarabağ" ı daha yaxşı tanıyırıq, səviyyəmizə, gücümüzə yaxın komandadı. "Kayrat"ın hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır. Onun haqda çox məlumatımız yoxdu. Yaxşı komandadır ki, Qazaxıstan çempionu olub. Dünyanın hər yerindən oyunçular alırlar".

Berqin fikrincə, rəqibləri reytinqdə onlardan üstün olsalar da, rəqabət aparmaları mümkündür: "Qrupda qalib gələcəyimizə inanmadığımız komanda yoxdu. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür. Bizdən asılı olan hər şeyi etmək istəyirik".

Qeyd edək ki, Nikosiya klubu II turda sentyabrın 30-da "Qarabağ"ı qəbul edəcək.