Misli Premyer Liqasının XIII turunda "Turan Tovuz" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Sport24.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək Qərb derbisi saat 16:30-da başlayacaq.

Komandalar indiyədək Azərbaycan Premyer Liqasında 16 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 10-da Tovuz təmsilçisi, 4-də isə Gəncə klubu qələbə qazanıb. Daha 2 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbətində də "boz qurdlar"ın aşkar üstünlüyü var – 29:11.

Qərb derbisi öncəsi diqqətçəkən məqamlardan biri "Kəpəz"in son iki görüşdə rəqibinə qarşı qol vuraraq xal qazanmasıdır. Cari mövsümün ilk dövrəsində Gəncə təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. Ötən mövsümün sonundakı qarşılaşma isə 1:1 hesabı ilə yekunlaşıb.

Bununla yanaşı, "Turan Tovuz" Premyer Liqa çərçivəsində "Kəpəz"ə qarşı keçirdiyi bütün ev oyunlarında qələbə qazanıb.