"Səbail"in sabiq baş məşqçisi Türkiyədən səfərdən qayıdıb. Bu ölkənin Super Liqa təmsilçiləri "Qalatasaray" və "Fatih Karagümrük"ün düşərgələrinə baş çəkən 41 yaşlı mütəxəssisin onların tanınmış baş məşqçiləri Okan Buruk və Andrea Pirloyla görüşmək imkanı olub. Hacıyev Sport24.az-a müsahibəsinə səfər təəssüratlarını bölüşüb.

- Səfəriniz PRO kateqoriyasını yeniləməklə bağlı deyildi?

- Yox. İstanbula səfərim ümumilikdə 1 həftə keçdi. Sentyabrın 26-dan 30-dək "Qalatasaray"da, oktyabrın 1-də "Fatik Karagünrük"də oldum. Oktyabrın 2-də istirahət elədim, 3-də də qayıtdım Bakıya. Sadəcə, boşluqdan istədim səmərəli istifadə eləyim. PRO-nu koronavirus pandemiyasına dövründə yeniləmişəm - 2021-ci ildə 3 illik. PRO-nu aldığım Belarusa onda gedə bilmədim, Azərbaycanda təşkil olunan yeniləmək kurslarında iştirak elədim. 

- "Qalatasaray"da olmaq hər bir futbol adamına nəsib olmur. Təəssüratlarınız maraqlıdı...

- "Qalatasaray" türk dünyasında milli klub kimi olub həmişə. Mənə çox maraqlı idi bu klubun daxilində gedən proseslərlə yaxından tanış olmaq. Tək əsas komanda yox, akademiyadan da çox məlumatım oldu, məşq proseslərində iştirak elədim. İlk olaraq saytınız vasitəsilə təşəkkür etmək istəyirəm səfərimin səmərəli keçməsində əziyyəti keçənlərə - həm öz menecererimiz Vaqif Heydərli, həm də klub rəhbərliyinə, məşqçilərə. Hansılar ki məni isti qarşıladılar, komandanın bütün iş proseslərində yaxından iştirak etməyimə imkan yaratdılar. "Qalatasaray" haqda çox danışmaq olar. Həqiqətən böyük klubdu, böyük camiəsi olandı. Təkcə İstanbulda deyil, bütün dünyada böyük azarkeşi olan bir klubdu. 

- Əsas diqqətinizi nə çəkdi? Sizi nə valeh elədi?

- Diqqət çəkən o idi ki, bu kluba qarşı həmişə böyük maraq var. Azarkeşlər hətta bazanın qapısında hər gün gözləyirlər ki, məşqdən kimsə çıxsın, onunla şəkil çəkdirsin. Çox böyük diqqət var bu kluba. İş prosesinə gəlincə, baş məşqçi Okan Burukda xoşuma gələn cəhətlərindən əsas futbolçularla qurduğu münasibətdi. O, doğrudan da futbolçuları yüksək səviyyədə hiss edir. Bilir ki, hər biriylə necə danışmaq, rəftar eləmək lazımdı - sanki dost kimi idi. "Qalatasaray"ın heyətindəki ulduz futbolçuları görmək həqiqətən maraqlı idi - İkardi, Mertens, Mata, Muslera, Toreyra və s. Adlarını saymaqla bitmir, hətta yerli futbolçuları var ki, hal-hazırda millidə çıxış edirlər. Bir sözlə, kfayət qədər keyfiyyətli heyətləri var. Klub bazasında futbol üçün lazım olan nə şərait varsa, orda cəmlənib. Hətta basketbol komandası da orda məşq edir. Eləcə də akademiyası. Yəni, böyük bir əraziyə malikdi. İstanbulun gözəl məkanlarından sayılan Floryada yerləşir. Sadə bazadı, bilinir ki, əvvəldən tikiləndi. 

- Okanla əsas nə haqda söhbətləşirdiniz?

- Onunla xeyli söhbət elədik. Hər məşqdən sonra sağ olsun, isti münasibətini göstərirdi. Oyunlar, heyətlərlə bağlı analizlər aparırdıq, fikirlərimizi bölüşürdük. Hətta bir dəfə otağında 2 saata yaxın müzakirə apardıq. Hər şeydən danışdıq, hətta bizim millidən, bizim futboldan da. Ümumən geniş müzakirə getdi. Köməkçiləri də İrfan hocayla "Udineze"də çalışmış ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Qarsiya da çox maraqlı insanlar idilər. Geniş korpusa malikdi, çoxlu köməkçisi var. Yalnız bir misal çəkim ki, 3 taktiki analiz məşqçisi var. Bilinirdi ki, klubda hər bir şey yüksək səviyyədədi. Hədəfləri də məlumdu - daim çempionluğa oynayan komandadı, daim təzyiq hiss edirlər. "Qalatasaray" elə bir komandadı ki, orda məğlubiyyət haqda heç kim düşünmür. Bir-iki məğlubiyyətdən sonra azarkeşlər, media tərəfindən o təzyiqi o camiə hiss edir. Yəni, hərtərəflidi bu planda və komanda daim qələbəyə oynayır. 

- Təsadüfən özünüz "Qalatasaray"lı deyilsiniz?

- Hal-hazırda peşəkar səslənməz, ancaq gənc vaxtlarımızda hamımız elə "Qalatasaray"a azarkeşlik etmişik. Xüsusilə də UEFA Kubokunu qazananda. 

- Özünüz da vurğuladınız ki, Okanla Azərbaycan futbolu, Azərbaycan milli haqda danışdınız. Maraqlıdı, bizim haqda nə söylədi?

- Milimizi, "Qarabağ"ı izləyirlər. Bilirlər ki, son zamanlar uğurlu çıxış edir Ağdam klubu. Milimizdə isə bilirlər ki, italiyalı mütəxəssis Canni de Byazi çalışır. Onlarda da yığmada əcnəbidi baş məşqçi - almaniyalı Ştefan Kunts. Ümumiyətlə, onlar daha çox tərəfdarıdı ki, yerli mütəxəssislərə şans verilsin. Türklərdə də bir ara belə problemlər olub, daha çox ölkələrinə almanlar gəlirdilər. İndisə böyük klublarda daha çox çalışırlar ki, yerli məşqçilərə də şans versinlər. Okanla bağlı bunu etdilər. Düşünürəm ki, "Qalatasaray"ın içindən çıxan bir insan kimi ona bu şans verilib. Ümumən götürəndə, oxşarlıqlar var mentalitetdə. Amma çempionatlarında keyfyyəti yüksək olan futbolçular çıxış edir. Baxırsan ki, Avropada artıq özlərindən söz etdirən oyunçulardı. Millimiz haqda çox danışmadıq, köhnə vaxtları yada saldı. Azərbaycan millisinə qarşı oynadığını xatırladı. Okan bunadək işlədiyi "Başakşehir"lə "Qalatasaray" arasında fərqi hiss edir. Daha təzyiqli bir yerdi, daim diqqət mərkəzində olan bir klubdu.

- İlk tanışlığınızda sizinlə maraqlanmışdı, məlumatı var idimi?

- Bunadak şəxsi tanışlığımız yox idi, orda tanış olduq. Belə bir insanla tanış olduğuma görə məmnunam. Çox istiqanlı, mehriban, sadə bir insandı. Fikrimcə, qazandığı uğrularda məhz bu xarakteri kömək edir. Məşqçilikdə seçdiyi metodu da bəyənirəm. Futbolçuları həqiqətən çox yaxşı hiss edir. Bəzən elə məşqlər olur ki, futbolçunun durumunu görərək məşqdən azad edir. Baxırsan ki, özü yaşadığı futbolçu həyatını futbolçularda tətbiq edir, hiss edir. İtaliyada "İnter"də, habelə millidə çıxş edib. Böyük futbolçu olub, məşqçilikdə də artıq özündən söz etdirməyi bacarıb. Böyük uğurlar qazanıb, "Başakşehir"i çempion edib. Düşünürəm ki, "Qalatasaray"da da çempionluğa ən real namizədlərdəndi. 

- Onun məşqlərindən nəyi götürə bildiniz? Məşqçilikdə əsas tövsiyələri nə oldu?

- Əlbəttə, hərtərəfli söhbətimiz oldu. Nə kimi cəzalar tətbiq edirlər, o haqda söhbət elədik. Fikrimcə, təcrübə üçün hərtərəfli yaxşı idi. "Qalatasaray" kimi böyük klubda iş prosesiylə yaxından tanış olmaq mənim üçün çox maraqlı oldu. Taktiki məşqlər haqda da söhbət elədik ki, müasir futbolda nədən daha çox istifadə olunur. Fiziki yükləmələr barədə də söhbətimiz oldu. Bu haqda daha çox ispan köməkçisi ilə danışdım. Ümumən işə yanaşmaları çox maraqlı idi. Okanın futbolçularla indivudal görüşləri çox olur. Bilinir ki, işlərinə gün ərzində daha çox vaxt ayırırlar.

- Bəs, Pirloyla görüşünüz necə baş tutdu?

- Ordakı menecerlərlə də görüşlərim olurdu. Səfərim tək bu 2 klubla bağlı deyildi. "Qalatasaray" klub olaraq həmişə maraqlı gəlib mənə. Amma "Fatih Karagümrük"də klub kimi yox, daha çox Pirloyla görüş mənə maraqlı gəldi. Menecerlər tərəfindən təklif olundu, məmnuniyyətlə qəbul etdim. 

- Maraqlıdı, onun bizim haqda bilgilsi nələrdi?

-  Xəbər aldı ki, Azərbaycandasanmı. Bunu biləndən sonra dərhal soruşduğu bu sual oldu ki, Canni de Byazi sizdə çalışır? Bildirdim ki, millidəki tsikli yeni bitirib, hal-hazırda onun məsələsinə aydınlıq gətirilir. Pirlonun millimizə qarşı oynadığı xatirindədi, ancaq bu, nə vaxt olub, onu yadına sala bilmədi. Ümumən Azərbaycan, "Qarabağ" haqda hər biri məlumatlıdı. Pilro də bilir ki, uğurlu çıxış edir Ağdam təmsilçisi. Bir gün oldum orda, Pirloyla söhbətim ayaqüstü oldu. Məşqdən sonra 10-15 dəqiqə danışdıq. Həmin günü olan məşqi barədə bir az suallarım oldu. Ümumən məndə bu, təəssürat oyatdı ki, taktiki məşqlərin sayı çoxdu həftəiçi. Pirlo buna üstünlük verirsə, Burukda həm kondisiya, həm də taktiki - qarışıq məşq prosesləri izləmək nəsib oldu. Çünki həm də orda daha çox oldum - səhərdən axşamadək. Hətta akademiyada maraqlı o gəldi ki, 26 milli futbolçuları var, qarşılarına hədəf qoyublar ki, bu sayı 40-a çatdırsınlar. Baxırsan ki, ayrı-ayrılıqda yaxşı yaş qrupları var, xüsusilə də U-19. Ordan 4-5-ni artıq Okan əsas komandaya cəlb edib. Biri də Ayhan Akmanın oğludu. Adı Həmzədi, Azərbaycana bu yaxında 2 qol vurub U-19 yığmasında.

- Okana arxasında adı yazılan millimizin formasını hədiyyə elədiniz. Bunu necə qarşıladı?

- Okanı qiymətləndirməyimiz onu həqiqətən sevindirdi. "Qalatasaray"rəhbərliyinə təşəkkürümü bildirdim ki, imkan yaratdılar daha çox burda vaxt keçirdiim. İdman direktorları Cenk Erkinlə də görüşdüm, xüsusi təşəkkürümü çatdırdım. Çünki onu vasitəsilə bu, baş verdi. Pirloya isə paxlava aparmışdım ki, milli şirniyatımızı dadsın. Yəqin ki, dadar, bəyənər.

 

 

MEHMAN SÜLEYMANOV