Ağdamın "Qarabağ" klubunun Çempionlar Liqasında rəqibi olan İngiltərənin "Liverpul" klubu "Bavariya" və Fransa millisinin yarımmüdafiəçisi Maykl Oliseyə maraq göstərir. Klub onu "Bornmut"un hücumçusu Antuan Semenyonun mümkün alternativi kimi nəzərdən keçirir.
Sport24.az xəbər verirk ki, Semenyonun transferi 75 milyon funt sterlinqdən çox qiymətləndiriləcəyi məlum olduqdan sonra danışıqlar dalana dirənib.
Hazırda "Liverpul" rəhbərliyi Məhəmməd Salahı uzun müddət əvəz edə biləcək futbolçu axtarışındadır. 33 yaşlı misirli hücumçunun klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. Onun yaşına baxmayaraq, Salah Arne Slotun komandasında əsas fiqur olaraq qalır, lakin "mersisaydlılar" artıq gələcəkdə komandanın yenilənməsi üçün zəmin hazırlayır.
Olisey, 2024-cü ildə "Kristal Palas"dan "Bavariya"ya transfer olunub və tezliklə Münhen klubunun liderlərindən birinə çevrilib. Keçən mövsümdə fransız oyunçu 20 qol vurub, dörd məhsuldar ötürmə edib və Fransa millisində debüt edib. "Bavariya"nın idman direktoru Maks Eberlinin sözlərinə görə, futbolçunun müqaviləsi 2029-cu ilə qədərdir və çıxış haqqı maddəsi yoxdur; klub isə oyunçudan ayrılmaq niyyətində deyil.
Qeyd edək ki, Olisey Fransa millisinin heyətində son Dünya Çempionatı 2026-nın seçmə mərhələsi oyununda Parisdə Azərbaycan komandası ilə görüşdə (3:0) iştirak edib. Fransız oyunçu qol vura bilməsə də, ekspertlərdən yüksək qiymət alıb. "Bavariya"nın oyunçusu Fransa millisinin heyətində Azərbaycan komandası ilə cavab görüşündə də iştirak edə bilər. Bu oyun 16 noyabr 2025-ci ildə Bakıda keçiriləcək.
"Liverpul" isə Ağdamın "Qarabağ"ının Çempionlar Liqasında rəqibidir – Qurban Qurbanovun komandası 28 yanvar 2026-cı il tarixində Mersisayd klubuna səfərdə qarşılaşacaq.