“Təəssüratlar əlbəttə ki, müsbətdi. Yığmaya ilk dəfə qoşulanda harda olduğumu və eyni meydanda kimlərlə oynayacağımı yaxşı dərk etmirdim. Evdə isə artıq şüur öz yerinə qayıdır. Duyğular bir az azalanda, Kriştiano Ronaldo, Bruno Fernandes, Tadic və ümumiyyətlə, Portuqaliya və Serbiya milli komandalarının bütün üzvlərinə qarşı meydana çıxmağın nə qədər şərəfli və xoş olduğunu anladım. Və onu da başa düşdüm ki, bu, çox yaxşı bir təcrübə və yaxşı emosiyalardı". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Ukrayna mətbuatına açıqlamasında yığmadakı debütü barədə danışarkən deyib.

Bu ölkənin Premyer Liqa təmsilçisi "Minay"ın kapitanı olan 25 yaşlı yarımmüdafiəçi millimizdə qarşı olyadığı ulduz futbolçu, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo haqqında bunları deyib: "Belə deyim - onu izləmək maraqlı idi. Axı, çox şey əldə edən və böyük nailyyətlər qazanan bir adamdı. Ona qarşı oynamaq xoş idi".

Nuriyev üç qarşılaşmanı fərqıi mövqelərdə keçirdiyini açıqlayıb: "Portuqaliyayla sol cinah yarımmüdafiəçi, Qətərlə hücumçunun arxasında, Serbiya ilə ikinci hücumçu və ya daha doğrusu, arxaya çəkilən forvard kimi oynadım. Son mövqeyi çox bəyənirəm və məşqçi məni burda görür".

Hansı rəqibə qarşı daha çətin idi? Anatoliyə bu sual da ünvanlanıb: "Bəlkə də Serbiyaya qarşı. İlk hissə qaçdıq, müdafiə olunduq, ikinci hissədə oyunu, kombinasiyaları düzəltdik, topa daha çox sahib olduq. Ancaq ümumiyyətlə, olduqca çətin bir matç idi, hərçənd, xal ala bilərdik".

Millimizn debütantı oynadığı stadionları da xatırladığını vurğulayıb: "Juventus Stadium"u çox bəyəndim - komfortlu, rahat, böyük olmayan. Debretsendəki arena da çox xoşuma gəldi, həmçinin Bakıdakı Olimpiya Stadionu. Sonuncuda qazon sadəcə, möhtəşəmdi. Ümid edirəm yaxşı səviyyədə futbol göstərəcəm ki, məni bundan sonra da milliyə dəvət etsinlər".