"Sumqayıt"la matç çox çətin keçdi. Bilirdik ki, onlar güclü komandadır. İlk hissədə oyunumuz heç alınmadı". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin futbolçusu Nikola Karaklaiç deyib. 

Serbiyalı yarımmüdafiəçi 90+12-ci dəqiqədə yaşanmış insidenti də şərh edib:

"Sumqayıt" əsasən topa daha çox nəzarət edirdi. Yüzfaizlik qol imkanı yaratmasalar da, daha təhlükəli görünürdülər. İkinci hissədə daha yaxşı oynadıq, amma təəssüf ki, futbol belədir, onlar imkanlarından yararlandılar, biz isə öz şanslarımızı, o cümlədən penaltini qaçırdıq… Ona görə də vəziyyət belə alındı. Gərginliklə bağlı açığı, nə baş verdiyini dəqiq görmədim, lakin bunlar futbolda adi hallardır. Hamımız qalib gəlmək istəyirik və bəzən gərginlik idmanın ayrılmaz hissəsinə çevrilir. Mən bunu böyütməzdım… Bu, futbolda nə ilkdir, nə də son olacaq".

Karaklayiç komandasının növbəti turdakı rəqibi "Karvan-Yevlax"la oyundan gözləntilərini bölüşüb:

 

"Növbəti oyun bizim üçün çox vacibdir. Çempionatda ardıcıl iki məğlubiyyətdən sonra mövsüm ərzində dəfələrlə göstərdiyimiz xarakteri və komanda ruhunu yenidən ortaya qoymalıyıq".

 

Qeyd edək ki, "İmişli" - "Karvan-Yevlax" matçı dekabrın 15-i Qubada baş tutacaq və saat 14:00-da start götürəcək.