"Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovun Sport24.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qəbələ" üzərində 1:0 hesablı qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?
- Birinci hissə bizim üçün çox yaxşı keçdi. Matça fəal başladıq, erkən qol vurduq. Fərqlənmək üçün yenə də şanslarımız var idi. Təəssüf ki, onlardan yararlana bilmədik. Fasilədən sonra rəqibin də şansları oldu. Sona qədər mübarizə apardıq. 10 nəfərlə qalsaq da, çox vacib 3 xal qazandıq.
- İkinci hissədə "Qəbələ" daha fəal idi. Bunu nə ilə əlaqələndirirsiniz?
- Birinci hissədə uşaqlar çox güc sərf etdilər. Dayanmadan irəlidə çox pressinq tətbiq edirdik. Fasilədən sonra isə hesabı qoruyub saxladıq. İnanıram ki, gələn oyunlarda daha yaxşı çıxış edəcəyik.
- Yuri Vernidunun gəlişindən sonra komanda 3 qələbə qazanıb və 2 dəfə heç-heçə edib, 11 xal toplayıb. Demək olar ki, "Neftçi" artıq özünə gəlib?
- "Qəbələ" və "Kəpəz"lə oyunlar bizim üçün çox vacibdir. Birini məğlub etdik, qaldı ikinci. "Kəpəz"lə görüşdə də qələbə qazansaq, artıq "Neftçi"nin avrokuboklar uğrunda mübarizəyə qoşulduğunu demək olar. Qarşıdakı matç bizim üçün çox vacibdir. "Kəpəz"i məğlub etmək üçün əlimizdən gələni edəcəyik.
- "Kəpəz"lə matçdan sonra "Qarabağ"la oyun gəlir ki, həmin görüşün də vaxtınım dəyişdirilməsi müzakirə olunur. "Qarabağ"la oyunun təxirə salınması "Neftçi"yə mənfi təsir göstərə bilər?
- Əgər oyun təxirə salınsa, yəqin ki, məşqçilər korpusu tədbir görəcək. Bu halda təxminən 2 həftə meydana çıxmayacağıq ki, bu da əlbəttə, komandaya təsir edəcək. Çünki normalda həftəlik proqramla məşq edirik. Həmin hazırlığın sonu da oyunla tamamlanır. İstənilən halda bu cür vəziyyətə hazır olmalıyıq. Lakin hazırda "Kəpəz"lə oyunu düşünürük.
- Qış fasiləsində "Neftçi"dən ayrılacağınız barədə xəbər yayılmışdı...
- Mən burada xoşbəxtəm. Hər futbolçunun arzusudur ki, "Neftçi" kimi komandada oynasın. Düzdür, təzə gələndə daha çox şans qazanardım. Son vaxtlar az oynayıram. Bu da müəyyən xəbərlərin yayılmasına səbəb olur. Hazırda "Neftçi"dəyəm, mövsümün sonuna kimi müqaviləm var. Çalışacağam ki, qarşıdakı 4-5 ayda özümü yaxşı tərəfdən göstərim və burada da qalım.
- Qış fasiləsində "Qəbələ"dən təklif almışdınız. Özünüz getmək istəmədiniz, yoxsa "Neftçi" buraxmadı?
- Bəli, qalmağı daha üstün saydım.
- Demək olar ki, "Neftçi"də ən güclü rəqabət məhz sizin mövqeyinizdədir. Bu amil də qərarınıza təsir göstərmədi?
- Hər futbolçu daha çox oynamaq istəyir. Mövqeyimdə çox gərgin mübarizə gedir. Bu da təsirini göstərir. Bununla belə, mən də daha çox oynamaq, özümü göstərmək və milliyə dəvət almaq istəyirəm. Son zamanları nəzərə almasaq, daim oynamışam. Bundan sonra da mübarizə aparacağam. Rəqabət nə qədər güclü olsa da, şans qazanmaq üçün əlimdən gələni edəcəyəm.