"Neftçi"nin futbolçusu İmad Farajın Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının 23-cü turunda "Turan Tovuz"a məğlub oldunuz. Oyun haqqında fikirlərin necədir?
- Birinci hissədə yaxşı oynadıq. Hətta düşünürəm ki, daha üstün tərəf biz idik. 2-3 qol imkanı yaratdıq, amma dəyərləndirə bilmədik. İkinci yarıda isə rəqibin cəmi bir epizodu oldu və onu qola çevirdilər. Bundan sonra geridönüş etmək çətin idi, çünki onlar bütün komanda ilə müdafiəyə çəkildilər. Buna görə də oyunu çevirmək alınmadı. Ümid edirəm ki, növbəti oyunda özümüzə gələcəyik və "Qəbələ" ilə matçdan üç xalla ayrılacağıq.
- Oyuna sonadək davam edə bilmədin. Zədən ciddidir?
- Xeyr, ciddi bir şey deyil. Sadəcə qıcolma idi. Bu gün çox qaçdım, ona görə də oyunun son dəqiqələrində bir az qıcolma hiss etdim. Amma ciddi problem yoxdur.
- Avrokuboklara vəsiqə qazanmaq istəyən digər rəqibləriniz xal itirəndə qalib gələ bilmirsiniz. Bunun səbəbi nədir?
-- Bəli. Bugünkü matçın çox vacib olduğunu bilirdik. Ona görə də azarkeşlərdən stadiona çox gəlmələrini xahiş etmişdik. Qalib gəlmək istəyirdik. Dediyim kimi, birinci hissədə çox yaxşı oynadıq. Amma düşünürəm ki, ilk hissədə qol vursaydıq, oyunun gedişi tam fərqli olardı.
- Avrokuboklara düşmək şansınız getdikcə azalır. Sən nə düşünürsən?
- Biz bu barədə düşünmürük. Hər oyuna ayrı-ayrılıqda yanaşmaq istəyirik. Məncə, belə düşünmək daha yaxşıdır: hər matçı qazanmağa fokuslanmaq lazımdır, uzağı düşünməyə yox. Amma dediyim kimi, bu gün xal itirdik. Halbuki rəqiblərimiz – "Sumqayıt", "Araz" və "Zirə" də qalib gələ bilməyiblər. Buna görə bu oyun bizim üçün çox vacib idi.