"Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevin Sport24.az-a müsahibəsi

- Misli Premyer Liqasının 23-cü turunsa "Neftçi" ilə görüşdə qələbə qazanmağı bacardınız. Matç sizin üçün necə keçdi?
- Çətin oyun olacağını gözləyirdik. Çox həyəcanlı oyun oldu. Maraqlı matç alındı. Bütün azarkeşlərimizi təbrik edirəm. Əzmkar qələbəidi. Bu qələbə bizə hava-su kimi lazım idi. Üç xalı əldə etdiyimizə görə çox xoşbəxtik.

- Demək olar ki, bu qələbə ilə "Turan Tovuz" əmin addımlarla ən azından bürünc medallara doğru irəliləyir?
- Ən azından, ən azından...Mövsüm başlayanda qarşımıza qoyduğumuz hədəflər bu deyil. Əslində, qələbələrə sevinirik. Amma içimizdə yenə də, çox vaxtsız itirdiyimiz xallara görə üzülürük. Hər halda,oyundan-oyuna baxacağıq, addım-addım böyüyəcəyik. Hədəflərimiz hələ bitməyib. Hələ qarşıya qoyduğumuz hədəflərə çatmağımız riyazi olaraq, şansımız davam etdikcə, belə olacaq. Onsuzda, hədəf də o idi, sona qədər yarışın içində ola bilmək. Hələlik bunu əldə edirik.

- Mövsümə çempionluq hədəfi ilə başlamışdınız...
- Yenə də hədəf çempionluqdur. Bu, bizdə dəyişməyib.

- Bunu kubokla kompensasiya etməyi düşünürsüz?
- Hər iki cəbhədə şanslarımız davam edir. Sona qədər şanslarımızın davam etməsini istəyirik.

- Daha əvvəl komandanın oyunu tənqil edilirdi. Bu barədə nə deyə bilərsiniz?
- Bizim oyunumuz budur, büdcəmiz buna çatır. Biz bu büdcə ilə bu oyunu oynaya bilərik. Çempionatda necənci olduğumuzu bilmirəm, amma plan buna görə qurulmuşdu, baş məşqçi buna görə seçilmişdi. Az büdcə ilə nəticəyə çatmaq... Heç bir dəyişiklik olmayıb, bizi qane edir. Xoşbəxtik.

- Kurban Berdiyevin işindən razısız?
- Çox razıyıq. Razıyıq yox, çox razıyıq. Nə olursa-olsun, baş məşqçimizin arxasındayıq.

- Tovuzdakı stadionda nə vaxt oynaya biləcəksiniz?
- Martın 21-nə çata bilmirik. Amma apreldə Premyer Liqadakı ilk oyunumuzu Tovuzda keçirəcəyik. Kubokdakı ilk oyunu keçirə biləcəyik, ya yox bunu qiymətləndirəcəyik. Baxacağıq. "Qəbələ" ilə matçı isə öz azarkeşlərimizin qarşısında keçirməyimizi planlaşdırırıq. Bu mövsüm çox çətin oldu. Evdən uzaqda olduq. Hər şey əleyhimizə oldu. Amma biz bunu keçməli idik. Gələn il daha rahat olacağıq. Bu da bir mərhələ idi. Nə vaxtsa, bunu keçməli idik, bu ilə nəsib oldu.