"Neftçi" avrokuboklara iddiasını davam etdirmək üçün dünənki matçda mütləq qələbə qazanmalı idi". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri ötən gün baş tutan "Neftçi" "Turan Tovuz" matçını şərh edib.
O, "ağ-qaralar"ın "Turan Tovuz"la turnir cədvəlində xal fərqinin çox böyüdüyünü sözlərinə əlavə edib:
"Birinci hissədə çox qol epizodları olmasa da, flaqman daha yaxşı təsir bağışlayırdı. Keyfiyyətli hücumlar var idi. Tovuzlular isə ənənəsinə sadiq qalaraq, etibarlı müdafiə ilə seçilirdi. Fasilədən sonra demək olar əldə etdikləri ilk şansdan maksimum yararlanıb qələbə qazandılar. Cinahdan çox gözəl ötürməni Jo Batista qola çevirdi. Bundan sonra Vitali Vernidub nəticəni dəyişməyə çalışsa da, alınmadı. Məncə, ədalətli nəticə heç-heçə olardı. Futbolda belə hallar baş verir. "Turan Tovuz" qələbələrini sıralamaqla bürünc medallara iddiasını artırıb. Bu oyundan sonra "Neftçi"nin avrokuboklara yollanmaq şansı qat-qat azaldı".
Qeyd edək ki, "Neftçi" "Turan Tovuz" qarşılaşması qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.