Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi"nin transferini açıqlamağa hazırlaşdığı legioner müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, Portuqaliya çempionatından gətirilən hücumameylli futbolçu Harramizdi. 

Tam adı Harramiz Quyeta Ferreyra Soares olan bu 31 yaşlı cinah yarımmüdafiəçisi "Eştoril"də çıxış edərək, San-Tome və Prinsipi millisinin üzvüdü. O, Bakıya 1 günlük gələrək yeni klubuyla rəsmi müqaviləyə imza atıb və geri dönüb.

Harrimizin Lissabon təmsilçisi ilə bu ayın sonunadək müqaviləsi var. Ancaq o, son klubundan daha erkən ayrılması üçün təmasa girəcək ki, "Neftçi"ylə məşqlərə başlasın. Legionerin növbəti həftə paytaxtımıza gəlişi gözlənilir.

Onu da bildirək ki, "Eştoril" keçən mövsüm Portuqaliya II liqasının çempionu olaraq yüksək liqaya qayıdıb. Harramiz ötən il 11 matçda 3 qol vurub. Onun 2015-ci ildən cəlb olunduğu millisində aktivində 15 qarşılaşmada 2 qol var.