Afina tarixi şəhərdi. Yunanıstan paytaxtına gəldinsə, Akropolu ziyarət etməmək olmaz. Altı il əvvəl “Qəbələ”nin məşhur “Panatinaikos” səfəri zamanı olduğu kimi, yenə də qədim Akropola baş çəkdim. Ötən günün ilk yarısı məhz bu tarixi tikililərin arasında keçdi. Qədim Yunanıstanda Afina iki hissədən ibarət olub: aşağı və yuxarı şəhər. Akropol yuxarı Afina sayılıb. Aşağı şəhərdə yerli sakinlər əkinçiliklə məşğul olub. Yuxarı Akropol isə müharibələr zamanı müdafiə qalası obrazında olub. Bax, həmin tarixi qala bu gün də Afinaya gələn turistlərin ən çox axın etdiyi ərazidi.

Afina pandemiyaya görə yas saxlamır. Gündəlik yoluxma sayı 3 mindən artıq olsa da, şəhər qaynayır. Ünsiyyət qurduğumuz yerli əhalinin ümumi fikri təqribi belədi: “Böyuk hesablı məğlubiyyətə hazır olun”. Hətta “Olimpiakos” fanatı olan  məskunlaşdığımız “The Athenian Callirhoe” otelinin ofisiantı da sevimlilərinin rahat qələbə qazanacağına əmindir: “Mən “Olimpiakos” fanatıyam. Əminəm ki, səhər yeməyində məni böyük hesablı qələbə münasibəti ilə təbrik edəcəksiniz”. Olimp dağı Larisa şəhəri yaxınlığında yerləşsə də, “Olimpiakos” yunanlar üçün zirvədi. Ölkənin yarıdan çoxu “Əfsanə” azarkeşidir. “Olimpiakos” Yunanıstan üçün ən sevimli brenddi. Ötən axşam Samir Abasovun mətbuat konfransına yollandıqda “Karaiskakis” stadionunun möhtəşəmliyi daşların yerini alması üçün kifayət etdi. Möhtəşəm klubun, möhtəşəm azarkeşlərini bu axşam görəcəyik, amma möhtəşəm stadionuna daxil olmağın fərqli hissini artıq dünən  yaşadıq.

Konfrans salonunda Samir Abasovun rahatlğı göz oxşayırdı. İlk baxışdan qəribə görünə bilər ki, Tiflis “Dinamo”su ilə matçlardan əvvəl “ağ-qaralar”ın çalışdırıcısı nə qədər həyəcanlı idisə, “Əfsanə”yə qarşı görüşöncəsi bir o qədər rahatdı. Ancaq bunun obyektiv səbəbi var. İlk mərhələdə məğlub olacağı təqdirdə “Neftçi” tam heyətlə “eşafot”da “edam” olunacaqdı. İndiki halda isə hər kəs gözəl anlayır ki, rəqib cütlüyün aşkar favoritidi. Abasov da məhz bu kozırdan maksimum yararlanmaq istəyir. O, futbolçularını da məhz bu aspektdən hazırlayıb. Dünənki konfransda iştirak edən Mamadu Mbodjun simasında gördüyünüz rahatlıq, arxayınlıq bütün komanda yoldaşlarında müşahidə olunur. Meydan sahibləri isə nə qədər istəsələr belə, “Neftçi”ni tam ciddiyə almayacaqlar. Üstəlik “Dinamo” ilə matçlar da aldadıcı ola bilər. Mövsümün açılış oyunlarında zəif təsir bağışlayan Azərbaycan çempionu heç şübhəsiz ki, bu gün daha etibarlı olacaq. Oyun praktikası artdıqca, xətlərarası əlaqə də güclənəcək.

Egey dənizin sahilində bir dəfə möcüzəvi gecə yaşamışıq. Altı il əvvəl “Qəbələ” “Panatinaikos”u ağlar qoymuşdu. İndi növbə ölkəmizin ən qocaman klubundadı. Estafeti davam etdirsə, nə xoş Azərbaycana. Yunanlar qoy, asan qələbələrinə inansın, bizlərə isə inam yox, real uğur lazımdı.

Sabah səhər “The Athenian Callirhoe” otelində səhər yeməyindən dərhal sonra hava limanına yollanacağıq. Deməli, burdakı ofisiantı da sonuncu dəfə məhz həmin vaxt görəcəm. Həmin yoldaşa “nə oldu, ofisiant, bəs yol çəkəcəkdin” sualını vermək ümidi ilə

 

CEYHUN ƏLİYEV, Afina

P.S. Afinada ilk yazım “Salam, Afina" başlığı altında verilmişdi. Üçüncü yazıyla Bakıda tanış olacaqsınız. Kim bilir, bəlkə başlıq “Gördunmü, Afina” adlanacaq?