Milli komandamızın oyunlarından 1 həftə ötsə də, Namiq Ələsgərov adının ətrafında müzakirələr səngimir. Versiyalardan biri budur ki, Premyer Liqamızın bombardiri olan "Neftçi"nin cinah yarımmüdafiəçisi Portuqaliya ilə matçda iştirak etmədiyi üçün Qətərkə yoldaşlıq görüşündə həvəssiz çıxış edib və buna görə də baş məşqçi Canni de Byazi Serbiya ilə rəsmi qarşılaşmanın iştirak ərizəsinə adını daxil etməyib.

Məsələylə bağlı Namiqin şərhini eşitmək maraqlı olardı. Əsləgərov Sport24.az-a açıqlamasında bu versiyanın tamamilə əsassız olduğunu bəyan edib: "Belə şey heç vaxt ola bilməz. Tək indi yox, heç zaman - oynasam da, oynamasam da - nə məşqə, nə də oyuna həvəssiz çıxmamışam, çıxmaram da. Sadəcə, ola bilər həmin görüşdə oyunum alınmayıb və baş məşqçi də növbəti qarşılaşmada məni "23-lüy"ə daxil etməyib. Bu da normaldı, həmişə olan bir şeydi futbolda. Baş məşqçinin qərarıdı və buna da hörmətlə yanaşmışam. Bundan sonra da çalışacam ki, oyunumu yaxşılaşdırım ve milli komandada çıxış etməyə layiq olum".

 

 

CEYHUN ƏLİYEV